31 Yanvar 2022
Mətni dəyiş
Rusiya Avropa İttifaqı (Aİ) ölkələrinin və təşkilatlarının bir çox nümayəndələrinin ölkəyə girişinə qadağa qoyub. Rusiya Xarici İşlər Nazirliyi bu qərarın Brüsselin “absurd”, “birtərəfli məhdudiyyət” siyasətinə cavab olduğunu açıqlayıb. Moskvanın bu qərarı Aİ-nin ötən ay Rusiyanın özəl hərbi şirkəti “Vaqner”ə bağlı şəxslərə qarşı sanksiyasına reaksiya kimi qiymətləndirilir.
Avropa Komissiyası Rusiyanın “Avropa İttifaqı ölkələrinin və təşkilatlarının qeyri-müəyyən sayda nümayəndələrinin ölkəyə girişinə qadağa qoyması qərarının təəssüf doğurduğunu” bəyan edib. Brüsseldə açıqlama verən Aİ sözçüsü qərarın "hər hansı hüquqi əsaslandırma və şəffaflığa" sahib olmadığını və "müvafiq cavab" veriləcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, səyahət qadağası ilk növbədə “anti-Rusiya təbliğatına görə şəxsən məsul olanları” əhatə edir. Bildirilib ki, “qarşılıqlılıq və bərabərlik prinsipinə uyğun olaraq” qəbul edilən qərara əsasən, Rusiya tərəfi ölkəyə səfərinə qadağa qoyulan şəxslərin siyahısını genişləndirə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında, qərarın "dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Avropa mənşəli özəl hərbi şirkətləri" də hədəf alacağı bildirilib. Qərarın bu tərəfi Rusiyanın Aİ-nin “Wagner Group”a qarşı sanksiyalarına reaksiyası kimi şərh edilir.
Aİ-nin sanksiya qərarı
Ötən ayın ortalarında Avropa İttifaqı “Wagner Group” rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Bu şəxslərin əgər varsa, Aİ-yə üzv ölkələrdəki aktivləri dondurulub və Avropaya səyahət qadağası qoyulub. Kreml "Rusiyanın kölgə ordusu" kimi xarakterizə edilən “Wagner Group” ilə hər hansı bir əlaqəni inkar edir.
“Wagner Group”un Ukraynada rusiyapərəst separatçılarla vuruşduğu, həmçinin Suriya, Liviya və Mərkəzi Afrika Respublikasındakı münaqişələrdə iştirak etdiyi açıqlanıb. ABŞ ordusunun əldə etdiyi məlumata görə, Qərbi Afrika ölkəsi Malidə “Wagner Group”a bağlı bir neçə yüz muzdlu var.
Brüssellə Moskva arasında gərginliyin yaranmasında Ukrayna ilə bağlı böhran da mühüm rol oynayıb. ABŞ və Aİ Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ona qarşı ağır iqtisadi sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ-ın bəyanatlarına görə, Ukrayna yaxınlığındakı Rusiya hərbçilərinin sayı 100 mini keçib. Moskva hücuma hazırlaşdığını yalanlayıb və NATO-dan şərq genişlənməsini dayandırmağı xahiş edib.