Qazaxıstan: KTMT Qazaxıstana sülhməramlı qüvvə göndərəcək, Nazarbayev vəzifəsindən kənarlaşdırıldı

Qazaxıstan: KTMT Qazaxıstana sülhməramlı qüvvə göndərəcək, Nazarbayev vəzifəsindən kənarlaşdırıldı
6 Yanvar 2022
Mətni dəyiş

Qazaxıstanda hökumət əleyhinə aksiyalar davam edir. Dünən axşam saatlarında ölkənin bəzi yerlərində polislə vətəndaşlar arasında silahlı insident olub. İnsidentdə hər iki tərəfdən ölən və yaralananlar var. 

Yanvarın 5-i Qazaxıstan hakimiyyəti ölkənin daxilində yaranmış vəziyyəti xaricdən hücum kimi qiymətləndirib və dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

Qazaxıstan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr aparıb, respublikaya hərbi yardım göstərilməsi üçün təşkilata üzv dövlətlərin başçılarına müraciət göndərib.

Hazırda KTMT-yə rəhbərlik edən Ermənistan prezidenti Nikol Paşinyan isə sosial şəbəkələrdə Qazaxıstana sülhməramlıların göndərilməsi ilə bağlı qərar qəbul edildiyini bildirib.

“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, - Paşinyanın feysbukdakı paylaşımında deyilir.

Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb ki, ilkin rəqəmlərə görə, Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb.

Bununla bərabər, ölkənin prezidenti Qasım-Jomart Tokayev xalqa müraciətində qeyd edib ki, Qazaxıstanın sabiq Prezidenti – Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun