29 Yanvar 2022
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranında ABŞ və NATO-nun "Rusiyanın əsas təhlükəsizlik tələblərini yerinə yetirmədiklərini" bildirib.
Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində Putin qeyd edib ki, Moskva danışıqları davam etdirməyə hazırdır.
Kreml Sarayından verilən yazılı açıqlamada ABŞ və NATO-nun Rusiyaya təhlükəsizliklə bağlı yazılı cavablarının bu həftə təhlil ediləcəyi bildirilib.
Rusiya əsas narahatlıqlarının nəzərə alınmadığını qeyd edib: “Bu cavablarda NATO-nun genişlənməsinin qarşısının alınması, Rusiya sərhədləri yaxınlığında silah yerləşdirməsindən imtina etmək, NATO-nun Avropadakı hərbi potensialı ilə infrastrukturunun 1997-ci ildə olduğu vəziyyətə qədər geri qaytarılması kimi Rusiyanın əsas narahatlıqlarının nəzərə alınmadığı vurğulanıb. Bundan əlavə, ABŞ və onun müttəfiqlərinin ATƏT və Rusiya-NATO-nun əsas sənədlərində yer alan təhlükəsizliyin bölünməzliyi kimi müvafiq prinsiplərə necə əməl edəcəyi ilə bağlı əsas sual diqqətdən kənarda qalıb”.
Ukraynanın şərqi ilə bağlı məsələnin də müzakirə edildiyi bildirilən bəyanatda bununla bağlı Normand formatı çərçivəsində işlərin davam etdiriləcəyi təsdiqlənib.
Zelenski: “Rusiya sübut etməlidir ki, Ukraynaya hücum etməyəcək”
Ukrayna prezidenti Vladimir Zelenski də sərhədə qoşun toplayan Rusiyanı Ukraynaya hücum etməyəcəyini göstərən addım atmağa çağırıb.
Zelenski Kiyevdə xarici jurnalistlərlə görüşündə qeyd edib ki, Rusiya “Ukraynaya hücum etməyəcəyini” desə, “bunu sübut etmək üçün addımlar ata bilər”.
Lavrov: Mən bu mətnləri yazanlara görə utanıram
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Rusiyanın Ukrayna ilə müharibə ehtimalı barədə açıqlama verib. Lavrov, "Rusiyadan asılı olsa, müharibə olmayacaq. Biz müharibə istəmirik" deyib.
Lavrov ABŞ-ın dövlət katibi Antoni Blinkenlə yaxın həftələrdə görüşəcəyinə ümid etdiyini bildirib və əlavə edib ki, ABŞ-ın təklifləri NATO-nun təkliflərindən “daha yaxşı”dır.
“ABŞ-ın cavabı NATO ilə müqayisədə demək olar ki, diplomatik etika nümunəsidir”, - Lavrov bildirib. "NATO-nun cavabı çox ideolojidir və NATO-nun müstəsnalığı, xüsusi missiyası və məqsədləri ilə doludur. Bu mətnləri yazanlardan utanıram", Rusiya XİN başçısı deyib.