28 Yanvar 2022
Mətni dəyiş
Pekin administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Nümayəndəsi Mişel Baçeletin 2022-ci ilin əvvəlində Sincan-Uyğur Muxtar Bölgəsinə səfər etməsinə icazə verib. Məlumatı Çin mediası yayıb.
“South China Morning Post” qəzeti səfərin 4-20 fevral tarixlərində keçiriləcək Pekin Qış Olimpiya Oyunlarından sonra, 2022-ci ilin birinci yarısında baş tutmasına icazə verildiyini yazıb.
Qəzet icazə üçün heç bir mənbəyə istinad etməsə də, səfərin “araşdırma yox, dostluq səfəri” olacağını bildirib.
Beynəlxalq insan haqları təşkilatları Çin administrasiyasının Sincan-Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı “sistematik insan haqları pozuntuları” ilə məşğul olduğunu bildirir.
ABŞ administrasiyası Çini bu bölgədə “soyqırım cinayəti törətməkdə” ittiham etsə də, Petin administrasiyası bu ittihamlara qarşı çıxır.
Məsələnin yaxından izləyicisi olan BMT-nin İnsan Haqları üzrə Ali Nümayəndəsi Mişel Baçelet 2018-ci ildən regiona səfər etmək üçün Çinlə danışıqlar aparır.
Şərqi Türkistanda nə baş verir?
BMT-nin məlumatına görə, 1 milyona yaxın uyğur türkü Çin tərəfindən konsentrasiya düşərgələrində saxlanılır. Çin rəsmiləri iddiaları rədd edərək, bunların radikallaşmaya qarşı yaradılan “peşə təhsili mərkəzləri” olduğunu iddia edir.
Beynəlxalq ictimaiyyət Çinin uyğurlara qarşı siyasətinə reaksiya verir. Bir çox beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Birliyi, Amnesty International və Human Rights Watch həbs düşərgələrində saxlanılan uyğurların Çindən azad edilməsini və düşərgələrin bağlanmasını tələb edir.