Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və Antalyada keçirilən diplomatik forumda iştirak edə bilərlər.
Paşinyan bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Azərbaycanla sülh sazişi imzalanıb-imzalanmayacağına dair suala isə Paşinyan deyib ki, Ermənistan belə bir sazişi imzalamağa hazırdır: “Ancaq bu saziş əvvəlcə müzakirə edilməlidir, qarşılıqlı addımlar olmalıdır”, - deyə o, əlavə edib.
Bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu mətbuata açıqlamasında bildirmişdi ki, 11-13 martda keçiriləcək Antalya Diplomatik Forumuna (ADF) Ermənistan nümayəndələri də dəvət edilib.
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılmasına qərar verib. Hər iki ölkə bu istiqamətdə vəziyyəti inkişaf etdirmək üçün xüsusi elçilər təyin ediblər. Elçilərin ilk görüşü Rusiyanın paytaxtı Moskvada baş tutub və davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq olub.