25 Yanvar 2022
Mətni dəyiş
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı terrorçu və ekstremistlər siyahısına əlavə edilib. Bu barədə Rosfinmonitorinqin məlumatında deyilir.
Siyahıya Navalnının həmkarları da daxildir: Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünasları Lyubov Sobol və Vyaçeslav Qimadi, fondun əməkdaşları - Georgi Alburov, Ruslan Şaveddinov, Pavel Zelenski, həmçinin qərargahın keçmiş əlaqələndiriciləri - Liliya Çanışeva (Ufa), Zaxar Sarapulov (İrkutsk), Kseniya Fadeeva (Tomsk), Eqor Butakov (Arxangelsk), Vadim Ostanin (Barnaul) və Tomsk qərargahının fəalı Andrey Fateev.
Keçən il sentyabrın sonunda İstintaq Komitəsi Navalnıya qarşı ekstremist icmanın yaradılması və ona rəhbərlik etməsi (Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı cinayət işi açılıb. Eyni işdə Leonid Volkov və İvan Jdanovun da adı var. “Ekstremist icma”nın yaradılması işi üzrə Navalnının Ufadakı qərargahının keçmiş rəhbəri Liliya Çanışeva saxlanılaraq həbs edilib.
Sobol, Alburov, Şavəddinov, Gimadi, Pavel Zelenski, Rustam Mulyukov “və digər şəxslər” ekstremist icmada iştirakda ittiham olunublar (Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi).
2021-ci ilin avqustunda Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu və Vətəndaşların Hüquqlarını Müdafiə Fondu ekstremist təşkilatlar siyahısına daxil edilib. 2021-ci il iyunun əvvəlində siyasətçinin bu iki fondu və qərargahı Moskva Şəhər Məhkəməsi tərəfindən ekstremist kimi tanınıb. 2022-ci il yanvarın 14-də Jdanov və Volkov terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Rosfinmonitorinqin siyahısına cinayət məcəlləsinin ekstremist və terrorizm maddələri ilə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunan şəxslər daxil edilir. Bu siyahıya daxil olan şəxslərin bank əməliyyatları aparmaq imkanları məhduddur. Banklar siyahıda olan şəxslərin hesablarını bloklayır və bu səbəbdən onlar heç bir kart əməliyyatı apara, kredit götürə, işə düzələ bilmirlər. Federal qanuna görə, siyahıda olan bir şəxs özü və hər bir ailə üzvü üçün hesabdan ayda 10 min rubldan çox olmayan pul çıxara bilər. Bu məbləğ də qohumların başqa gəlir mənbəyi olmaması şərti ilə verilir.