24 Yanvar 2022
Mətni dəyiş
Meksikanın Tixuana şəhərində federal hökumətin himayəsində olan jurnalist Lurdes Maldonado evinin yaxınlığında güllələnib.
Yanvarın əvvəlindən bəri bu, Meksikada üçüncü, Aşağı Kaliforniya ştatında isə ikinci KİV nümayəndəsi qətlidir.
Lurdes Maldonado bir sıra xəbər agentlikləri ilə əməkdaşlıq edib və ən son olaraq yerli hadisələri işıqlandıran xəbər proqramında işləyib.
O, 2019-cu ildə ölkə prezidenti Andres Manuel López Obradorun mətbuat konfransında həyatı üçün qorxduğunu bildirib.
Söhbət o zaman Aşağı Kaliforniya ştatının keçmiş qubernatoru Jaime Bonilla Valdezlə uzunmüddətli hüquqi mübarizədən gedirdi.
Ötən həftə jurnalist bu məhkəmədə qalib gəldiyini açıqlayıb. O, keçmiş baş prokuroru da məhkəməyə verib.
Yanvarın 17-də kriminal xəbərlərin fotomüxbiri Marqarito Martinez Tixuanadakı evinin yaxınlığında güllələnib.
Yanvarın 10-da siyasi və təhlükəsizlik məsələlərini işıqlandıran internet portalının sahibi, jurnalist Xose Luis Qamboa Arnas Verakruzda qətlə yetirilib.
Meksika mətbuat üçün dünyanın ən təhlükəli ölkəsidir, ötən il bu ölkədə yeddi jurnalist öldürülüb.