İranda gizli kameralarla sosial şəbəkələr üçün gülməli və qorxulu videolar çəkən 17 "Instagram" fenomeni həbs edilib. Bu barədə Tehran polisi məlumat yayıb. Polis bildirib ki, onlar həm xalqda narahatlıq yaratdıqlarına görə, həm də Tehran küçələrində icazəsiz çəkiliş etdiklərinə görə həbs ediliblər. Paylaşılan videolardan aydın olub ki, həbs edilən şəxslər küçədə insanların üzünə tort atıblar və onları anlıq qorxutmaq üçün müxtəlif zarafatlar ediblər. İran hökuməti sosial şəbəkələrin milliləşdirilməsi üçün yeni qanun layihəsi hazırlayır. Yeni qanunla ölkədə milli internet platformasının yaradılması və digər bütün xarici sosial şəbəkə proqramlarının bloklanması nəzərdə tutulur. "Twitter", "Facebook", "YouTube" kimi sosial şəbəkələrin qadağan olduğu ölkədə əhali əsasən "Instagram" platformasından istifadə edir.