24 Yanvar 2022
Mətni dəyiş
“Cənubi Koreya tərəfindən bloklanan İran aktivlərinin 18 milyon dolları rüsumların ödənilməsi üçün BMT-yə köçürülüb, buna görə də dondurulmuş səsvermə hüququ geri qaytarılmalıdır”. Bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançı deyib.
“Biz Birləşmiş Millətlər Təşkilatının İranın səsvermə hüququnu qaytarmasını gözləyirik. ABŞ-ın amansız sanksiyaları ucbatından son 2 ildə BMT-yə olan rüsum borcumuzu ödəməkdə problem yaşayırıq. Bu sanksiyalar təkcə qida və əczaçılıq sənayesindəki işimizə deyil, həm də BMT-dəki fəaliyyətimizə mənfi təsir göstərib”, - Revançı deyib.
Birləşmiş Millətlər Təşkilatı İran da daxil olmaqla 8 ölkənin quruma borclarını ödəmədiyini əsas gətirərək səsvermə hüququnu ləğv edib. Əgər bir ölkənin BMT-yə borcu son 2 ildə ödədiyi rüsumdan çox olarsa, o ölkənin səsvermə hüququ əlindən alınır.
Ötən il 65 milyon dollar borcuna görə yenidən səsvermə hüququnu itirən Tehran rəhbərliyi minimum 16 milyon dollar ödənişlə səsvermə hüququnu bərpa edib.
İranın aktivləri ABŞ sanksiyaları səbəbindən Cənubi Koreya tərəfindən bloklanıb. Cənubi Koreyada İrana aid təxminən 7 milyard dollarlıq maliyyə aktivinin olduğu bildirilir.