Türkiyəyə mühacirət edən müxalifətçi bloger Həsən Xalitov Çeçenistan hakimiyyətini tənqid etməyi dayandırmasa, bacısının çılpaq fotosunun dərc ediləcəyi ilə hədələnib. Foto barədə ilk olaraq Vayfond hərəkatının teleqram kanalı məlumat yayıb. Xəbəri bloger Tumso Əbdürrəhmanov və 1ADAT hərəkatı da təsdiqləyib.
Söhbətin Xalitovun kiçik evli bacısından getdiyi bildirilir.
"Təbii ki, bu, çox-çox xoşagəlməz məqamdır. Bu, insana inanılmaz təzyiq göstərmək cəhdidir. Bunlar, təəssüf ki, Kadırovun 2022-ci ildə nəhayət gəlib çatdığı yolunun mübarizə üsullarıdır", - Tumso Əbdürrəhmanov deyib.
2021-ci il dekabrın 21-də Xalitov “Dojd” telekanalına deyib ki, Çeçenistanda yaşayan atası və qardaşı ilə əlaqə saxlaya bilmir. Daha əvvəl Xalitovun qardaşı bildirmişdi ki, kadırovçular blogerin Çeçenistandakı vəziyyəti tənqid etməyi dayandırmayacağı təqdirdə, ailəni zorakılıqla hədələyiblər. Blogerin atası isə oğlunu düşmən adlandırdığı bir video lentə alıb. Bu video Çeçenistan parlamentinin üzvü Maqomed Xanbiyev tərəfindən yayımlanıb.
Yanvarın əvvəlində Çeçenistanın mətbuat və informasiya naziri Əhməd Dudayev Xalitovların onları heç kimin qaçırmadığını söylədikləri videonu yayımlayıb. Həsən Xalitov bildirir ki, qohumlarının harada olması hələ də məlum deyil.
Dekabrın əvvəlindən Çeçenistanda respublika rəhbəri Ramzan Kadırovun tənqidçilərinin onlarla qohumu oğurlanıb. Altı hüquq müdafiəçisi Abubakar Yanqulbayev, Mansur Sadulayev və Aslan Artsuev, habelə çeçen müxalifətçi blogerlər Tumso Abduraxmanov, Xasan Xalitov və Minkail Malizayev ailə üzvlərinin itkin düşməsi barədə məlumat veriblər.