Finlandiyanın keçmiş daxili işlər naziri Pyayvi Ryasyanen LGBT üzvləri haqda fikirlərinə görə "nifrət nitqi" ittihamı ilə hakim qarşısına çıxarılıb.
O, 2019-cu ildə məhkəməyə verilib. Belə ki, 2019-cu ildə "Qürur həftəsi" çərçivəsində baş tutan bəzi tədbirləri Fin Lutheran kilsəsi dəstəkləyib. Bu dəstəyi şərh edən keçmiş nazir bildirib ki, homoseksuallıq psixoseksual inkişaf pozğunluğudur. O, kilsəni "günah olan" bir hadisəni qürur məsələsi səviyyəsinə qaldırmaqda ittiham etmişdi. Bu açıqlamadan sonra ölkə prokurorluğu Pyayvi Ryasyaneni nifrət nitqi söyləməkdə ittiham edib və 13 min avro cərimələnməsi üçün məhkəməyə müraciət edib. Hazırda davam edən məhkəmə prosesi ölkədə ciddi ictimai müzakirələrə səbəb olub. Keçmiş daxili işlər naziri isə bütün ittihamları rədd edərək, ifadə azadlığı hüququnun olduğunu və belə düşündüyünü bildirib.Ryasyanen 2011-2015-ci illərdə Finlandiyanın daxili işlər naziri olub. Onun partiyası Xristian Demokratlar isə 2019-cu il parlament seçkilərində 3,9 faiz səs toplayıb.