21 Yanvar 2022
Mətni dəyiş
Rusiya ilə Ukrayna arasındakı böhranın mümkün NATO üzvlüyü ilə bağlı müzakirələri canlandırdığı Finlandiyada baş nazir Sanna Marin "Mənim dövrümdə çox da ehtimal yoxdur" açıqlaması verib.
Finlandiyanın Rusiya ilə uzun müddətdir "funksional" əlaqələri olduğunu vurğulayan Marin yaxın gələcəkdə NATO üzvlüyünü düşünmədiklərini vurğulayıb. Bununla belə, Marin Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə “sərt sanksiyaları” dəstəkləyəcəklərini də bəyan edib.
Co Bayden bir ayda iki dəfə Finlandiya prezidentinə zəng edib
Rusiya ilə Qərb arasındakı böhran və Moskvanın NATO-dan “daha şərqə doğru genişlənməyə” dair zəmanət tələbi, xalqın əksəriyyətinin etirazına baxmayaraq, Finlandiyada NATO-ya üzvlüklə bağlı müzakirələri yenidən alovlandırıb. Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Baydenin də çərşənbə axşamı günü bir ay ərzində ikinci dəfə Finlandiya prezidenti Sauli Niinistoya zəng edərək “Finlandiyanın ABŞ və NATO ilə yaxın müdafiə tərəfdaşlığının vacibliyini” vurğulaması diqqət çəkib.
“Öz qərarımızı özümüz verərik” mesajı
Reuters agentliyinə müsahibəsində Sanna Marin danışıqların təfərrüatlarını açıqlamasa da, Finlandiyanın onun hökuməti dövründə NATO-ya üzvlük üçün müraciət etməsini "kiçik ehtimal" adlandırıb. Finlandiyanın bir gün qərar verəcəyi təqdirdə NATO-ya üzv olmaq hüququna malik olduğu mövqeyini təkrarlayan Marin "Heç kim bizə təsir edə bilməz. Nə ABŞ, nə Rusiya, nə də başqası" deyə əlavə edib. “Nəticə olaraq, inanıram ki, yaxın illərdə NATO müzakirələri daha da güclənəcək”, Marin bildirib.
“Rusiya ilə funksional münasibətlərimiz təqdir edilir”
Marin Rusiya ilə uzun müddətdir mövcud olan "funksional" münasibətlərin digər ölkələr tərəfindən də təqdir olunduğuna inandığını bildirib.
Mümkün sanksiyalara dəstək
Eyni zamanda, Finlandiyanın baş naziri Ukraynaya mümkün müdaxilə halında sərt sanksiyaların tətbiqi üçün avropalı müttəfiqlərinin və ABŞ-ın yanında olmağa hazır olduqlarını bildirib və əlavə edib ki, belə bir vəziyyətin böyük təsiri olacaq və sanksiyalar son dərəcə sərt olacaq.
Rusiya ilə 1340 kilometr sərhədə və müharibələr də daxil olmaqla keşməkeşli tarixə malik Finlandiya bu günə qədər NATO-ya üzv olmaqla bağlı müraciət etməyib. Bu yaxınlarda ölkənin ən böyük qəzeti olan “Helsingin Sanomatın” sifarişi ilə keçirilən sorğuya əsasən, əhalinin 28 faizi NATO üzvlüyünü dəstəkləyib, 42 faizi isə əleyhinə çıxıb. Qalanların isə qərarsız olduğu bildirilib. Bununla belə, sorğu 2019-cu ildən bəri NATO üzvlüyünə dəstəyin 8 faiz artdığını göstərir.