25 Yanvar 2022
Mətni dəyiş
Afrika qitəsində yerləşən Burkina Fasoda bir qrup əsgər dövlət televiziyasında çevriliş bəyanatı oxuyub və hərbi çevriliş elan olunduğunu elan edib. Bəyanatı özünü “Qurtuluş və Bərpa üçün Vətənpərvərlik Hərəkatı (MPSR)” adlandıran qrup adından kapitan Kader Ouedraoqo oxuyub.
Ouedraoqo bildirib ki, prezident Roç Kristian Kaborenin hakimiyyəti devrilib və polkovnik-leytenant Paul-Henri Sandaogo Damiba MPSR-nin lideridir.
Ouedraoqo konstitusiyanın dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, hava və quru sərhədlərinin gecə yarısından növbəti xəbərdarlığa qədər bağlanacağını və növbəti əmrə qədər saat 21:00-dan 17:00-a qədər komendant saatı elan edildiyini açıqlayıb.
Prezident Kabore istefa verib
Ölkədə baş verən çevrilişdən sonra prezident Roç Kristian Kabore istefa verib və postunu tərk edib.
Kabore ölkədəki yeni xunta rəhbərliyinə ünvanladığı əlyazma məktubunda bazar günündən bəri baş verən hadisələrdən sonra cəmiyyətin mənafeyi naminə bütün vəzifələrindən istefa vermək qərarına gəldiyini yazıb.
Kaborenin məktubu sosial mediada bir çox hesablar tərəfindən paylaşılıb.
Hadisələr bazar günü başlayıb
Bazar günü səhər Vaqaduqudakı iki hərbi kazarmada səhər saatlarında silah səsləri eşidilib və hadisənin qiyam ola biləcəyi düşünülüb.
Hökumət çevriliş ehtimalının olmadığını açıqlayıb və vəziyyətin nəzarət altında olduğunu bəyan edib.
Bildirilib ki, əsgərlər çevriliş niyyəti ilə deyil, iş şəraitinin yaxşılaşdırılması tələbi ilə üsyan ediblər.
Açıqlamalardan sonra küçələrə çıxan bir qrup hökumət partiyası Xalq Tərəqqi Hərəkatının binasına hücum edib. Bundan sonra ölkə miqyasında saat 20.00-05.30-a qədər növbəti xəbərdarlığa qədər komendant saatı elan edilib və təhsil 2 gün müddətinə dayandırılıb.
Axşam saatlarında prezident Kaborenin evinin ətrafında atəş səsləri eşidilib və bir müddət sonra Kabore hərbçilər tərəfindən saxlanılıb.
Kaboreni çətin vəziyyətə salan terror problemi
Burkina Fasoda son hücumlarda çoxlu əsgərin ölməsi ictimai müzakirələrə səbəb olub.
Terrorla mübarizədə uğursuzluğa düçar olduğu üçün tənqid edilən Kaborenin istefası tələbi ilə ümummilli etiraz aksiyaları keçirilib.
Qonşu Malidəki Əl-Qaidə və İŞİD-ə bağlı qruplar 2015-ci ildən bəri Burkina Fasonun şimal və şərqində tez-tez hücumlar həyata keçirir.