İngiltərənin Baş naziri Boris Conson Rusiya-Ukrayna gərginliyi ilə bağlı növbəti dəfə açıqlama verib.
Baş nazir bu barədə parlamentdəki çıxışı zamanı danışıb.
Conson bildirib ki, əgər Rusiya müharibə etsə, Ukrayna dirəniş göstərəcək və indi onlar 2014-də olduğundan da güclüdürlər.
"Rusiya müharibə yolu tutsa, çox sayda rus anasının oğlu evə qayıtmayacaq", - deyə Conson əlavə edib.
Baş nazir bildirib ki, əgər müharibə başlasa, İngiltərə də NATO ilə birlikdə Ukraynanın yanında olacaq və hərbi dəstək göstərəcək: "Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə baş verəcək faciə haqqında düşünəndə ürpəşirəm. Ukraynalıların öz ölkələrini müdafiə etmək üçün hər cür qanuni haqqı var. Onların müqaviməti Çeçenistan, Bosniya və ya Avropanın 1945-ci ildən bəri dözdüyü digər münaqişələrdəki kimi inadkar və qanlı olacaq", - deyə İngiltərənin Baş naziri Boris Conson bildirib.
Ukrayna və Rusiya arasındakı siyasi gərginlik hələ də davam edir. Ölkələr bir-birlərini hücuma hazırlaşmaqda ittiham edirlər. Həm Rusiya, həm Ukrayna, həm də NATO baş verəcək hansısa bir müharibəyə hazırlaşırmışlar kimi görünürlər. Bəzi siyasi şərhçilər isə ən azından lokal hərbi əməliyyatların olacağına inanırlar.