26 Yanvar 2022
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal edəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirib.
Bayden paytaxt Vaşinqtondakı kiçik bir müəssisəyə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb.
Bayden jurnalistin “Putin Ukraynanı işğal etsə, ona qarşı sanksiyalar tətbiq edərsinizmi?” sualına "Bəli" cavabı verib.
NATO-nun şərq qanadında olan ölkələrin müdafiəsi üçün 8500 ABŞ əsgərinin hazır vəziyyətdə olduğunu və bu əsgərlərin bir hissəsinin yaxın gələcəkdə Avropaya keçə biləcəyini söyləyə Bayden “Heç bir NATO ölkəsi qorxmamalıdır. Biz NATO olaraq onların müdafiəsinə gələcəyik" deyib.
Ukraynaya mümkün müdaxilənin Rusiya üçün iqtisadi nəticələri olacağını əlavə edən Bayden Ukraynada Amerika və ya NATO əsgərlərini yerləşdirmək planlarının olmadığını da bildirib.
"Mən ona dedim ki, bütün əsgərləri ilə sərhəddə Ukraynaya girərsə, bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük işğal olacaq. Bu, vəziyyət bütün dünyanı dəyişəcək”, Putinə işğalın əvəzinin "çox ağır olacağı" barədə xəbərdarlıq etdiyini vurğulayan Bayden söyləyib.
Ukrayna böhranında tərəflər nə istəyir?
ABŞ-ln başçılıq etdiyi Qərb bloku ilə Rusiya arasında Ukrayna məsələsində fikir ayrılığı var. Ukrayna sərhədində 100 min əsgər toplayan Rusiyanı “işğal planı” hazırlamaqda ittiham edən Qərb sanksiyalarla hədələyir. “İşğal” iddiasını qəbul etməyən Rusiya Ukraynanın NATO-ya daxil olmağa çalışdığını və bunun özü üçün milli təhlükəsizliyə təhdid olduğunu bildirir.
Moskva böhrandan çıxmaq üçün ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti istəyir. Ukraynanın NATO-ya daxil edilməyəcəyi ilə bağlı Moskvanın tələb etdiyi təminat qəbul edilməyib. İki tərəf arasında birbaşa danışıqlar nəticəsiz qalıb.
NATO bu həftə Rusiyanın yazılı tələb etdiyi təhlükəsizlik zəmanətlərinə cavab verəcək.