"Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi zərurətini bir daha təsdiq edir".
Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz tviter hesabında yazıb.
"Aİ hər iki tərəf ilə hərtərəfli həllin əldə olunması üzərində çalışır", - paylaşımda deyilir.
Yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində insident baş verib. Lokal döyüşlərdə həm Azərbaycan, həm də Ermənistan ordusu itkilər verib. Tərəflər bir-birlərini təxribat törətməkdə ittiham ediblər.
Hər iki ölkənin Müdafə Nazirliklərinin yaydığı son məlumatlara görə, sərhəddə hələlik nisbi sakitlik hökm sürür.