Rusiya-Ukrayna siyasi gərginliyinin fonunda Ukraynaya hərbi dəstəklər davam edir. Bu dəfə də Almaniya Ukraynaya dəstək olaraq 5 min dəbilqə göndərəcək.
Bu barədə ölkənin müdafiə naziri Kristina Lambrext məlumat verib. Lambrext bildirib ki, bu addım münaqişədə kimin yanında olduğumuzu göstərir: "Ukrayna səfirliyindən daxil olan məktubda bizdən hərbi təhcizat, konkret olaraq dəbilqə istənilmişdi. Biz də müsbət qərar verdik. Bəli, dəbilqə silah deyil, amma çox lazımlı hərbi təhcizatdır", - deyə o, əlavə edib. İngiltərə və Amerikanın silah göndərməsindən sonra Almaniyanın silah göndərmək təklifini rədd edib dəbilqə göndərməsi tənqidlərə səbəb olub. Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko açıqlama verərək bildirib ki, bu, zarafat kimi bir şeydir: "Almaniyanın bu qərarından sonra deməyə söz tapmıram. Bu zarafat kimi bir şeydir. Görünür Almaniya bizim hansı ölkə ilə üz-üzə olduğumuzun fərqində deyil", - deyə o, əlavə edib.