21 Yanvar 2022
Mətni dəyiş
Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Litva, Latviya və Estoniyaya ABŞ istehsalı olan raketlər və digər silahları Ukraynaya göndərməyə icazə verib. ABŞ prezidenti Co Bayden isə Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə bunun əvəzini ağır ödəyəcəyini bildirib.
Məsələ ilə bağlı məlumat verən üç mənbəyə görə, ixracata nəzarət tənzimləmələrinə əsasən, ölkələr ABŞ-dan aldıqları silahları başqa ölkələrə silah göndərməzdən əvvəl Dövlət Departamentindən icazə almalıdırlar.
Mənbələrdən biri bildirib ki, üçüncü tərəflərin təhvil-təslim müqavilələri çərçivəsində Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raketləri, Litva isə “Stinger” raketlərini göndərəcək.
Dövlət Departamentinin sözçüsü təsdiqləyib ki, ABŞ hökuməti Estoniya, Latviya, Litva və Böyük Britaniyaya ABŞ istehsalı olan silah-sürsatı Ukraynaya göndərmələrinə icazə verən üçüncü tərəf transferlərini təsdiqləyib, lakin hansı silahların göndəriləcəyi barədə ətraflı məlumat verməyib.
Dünya mətbuatında yer alan xəbərlərə görə, Bayden də keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Ukraynaya hücum edərsə, bunun əvəzini ağır ödəyəcək.
Rusiya dəfələrlə Ukraynaya hücum planlaşdırdığını təkzib etsə də, sərhədə 100 minə yaxın hərbçi yerləşdirib. Qərb ölkələri qoşunların toplanmasının Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq üçün müharibəyə hazırlıq olduğunu bildirir.