2021-ci ildə Avstriyada 31 qadın qətli törədilib

2021-ci ildə Avstriyada 31 qadın qətli törədilib
19 Yanvar 2022
Mətni dəyiş
Avstriya Avropa İttifaqı ölkələri arasında qadın qətlləri nisbətinin ən yüksək olduğu ölkələrdən biridir. Ötən il ölkədə 31 qadın öldürülüb. Hökumətin sifarişi ilə aparılan araşdırmaya görə, 2010-2020-ci illər arasında 319 qadın, əsasən, həyat yoldaşları və ya keçmiş ərləri tərəfindən öldürülüb. Eurostat-ın məlumatlarına görə, bu, Aİ-də ən yüksək göstəricilərdən biridir. 8,9 milyon əhalisi olan ölkədə 2021-ci ildə kişilərdən çox qadın öldürülüb. 5 mart 2021-ci ildə Nadin V. adlı 35 yaşlı qadın öz mağazasında keçmiş həyat yoldaşı tərəfindən kabellə boğularaq öldürülüb, sonra isə diri-diri yandırılıb. O, aparıldığı xəstəxanada bir ay sonra dünyasını dəyişib. Daha sonra aprel ayında bir pivə mağazasının sahibi iki uşaq anası olan keçmiş şərikini qətlə yetirdiyinə görə həbs edilib. 43 yaşlı kişi bu cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib. “Rifahdolu ölkədə bu vəziyyət anlaşılmazdır” Avstriya Qadın Sığınacaqları Şəbəkəsinin (OEF) rəhbəri Maria Rösselhumer deyir ki, qanunların və dəstək şəbəkəsi olan belə firavan və sakit ölkədə bu cür "vəziyyət anlaşılmazdır". Onun sözlərinə görə, "Bunun çox az izahı var: Bir çox analar bu katolik ölkəsində evdə qalır və ya yarım gün işləyir. Qadınlar çox vaxt zorakılıq edən partnyordan ayrılmaq imkanına malik deyillər." Avstriyada qadınlar kişilərdən 20 faiz az qazanır. Avropa Şurası tənqid edir Rösselhumer həmçinin qeyd edib ki, mühafizəkarları və ifrat sağçıları 2017-2019-cu illər arasında birləşdirən koalisiya altında artan "maçoluq” siyasi mənzərəsi fonunda "qadınlara əsl hörmətsizlik" var. Rösselhumer deyir ki, o, hakimiyyətin məsələyə həssas yanaşmasını alqışlayır, lakin onların vədlərini yerinə yetirməkdə “səhlənkar” davrandıqlarını da görür. Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç ötən ilin dekabrında Avstriyanı “adekvat resurslara” və bu məsələyə “hərtərəfli yanaşmağa” çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun