Sentyabrın 6-da Bakının Suraxanı Rayon Məhkəməsi hakim Leyla Talıbovanın sədrliyi ilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bloger Mehman Hüseynova qarşı iddiasını təmin etməyib.
Mehman Hüseynov Abzas-a açıqlamasında deyib ki, Məmmədovun Londondakı bahalı avtomobillərinin fotolarının sosial şəbəkələrdə yayılması şikayətə səbəb olub.
Məhkəmədə Mehman Hüseynovun vəkili qismində Şəhla Hümbətova iştirak edib.
Keçmiş nazirin oğlu bildirib ki, material blogerə məxsus akkauntda dərc edilib.
"Amma biz məhkəmədə sübut etdik ki, bu akkauntun mənə aidiyyatı yoxdur. Facebook, Instagram, Youtube kimi sosial şəbəkələrdəki hesablarımın hamısı mənim adıma rəsmi qeydiyyatdan keçib və xüsusi qeyd olunub".
Mehman Hüseynov deyib ki, iddiaçının narazılığına səbəb olan akkauntdakı yazıların ona aidiyyatı yoxdur.
Məhkəmə cavabdehin və onun vəkili Şəhla Hümbətovanın dəlillərini qəbul edib və iddianı təmin etməyib.
Xatırlatma
Ziya Məmmədovun oğlunun adı bir neçə qalmaqallı əhvalatda keçir. Bir neçə il öncə yerli mediada onun Qəbələdə ayı ətindən kabab çəkdirməsi ilə bağlı yayılan məlumatlar olub. Sonradan Məmmədov bunu təkzib edib.
Mehman Hüseynov Anar Məmmədovun atası,
keçmiş nəqliyyat naziri Ziya Məmmədov və qayınatası, keçmiş kənd təsərrüfatı naziri, hazırda dənizçilik akademiyasının rektoru
Heydər Əsədovla bağlı bir neçə araşdırma videosunun müəllifidir. Bloger həmin şəxslərin əməllərində korrupsiya hallarının olduğunu iddia edir.