Xarici İşlər Nazirliyində (XİN) tenderlər vasitəsilə 2.5 milyonluq mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə və bu idarənin tərkibindəki Təsərrüfat şöbəsinin keçmiş rəhbəri Səlim Əlizadənin məhkəməsi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Şahidlərin də bir çoxu XİN-in tenderlərində qalib gəlmiş şirkətlərin rəhbərləri, həmin şirkətlərlə nazirliyin vəzifəli şəxsləri arasında vasitəçilik edənlərdir.
Sentyabrın 22-də hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında da bu qəbildən olan şahidlər dindirilib.
Şahid qismində ifadə verən Asif Ağayevin şirkəti XİN-də dəftərxana ləvazimatlarının alınmasıyla bağlı tenderin qalibi elan edilib.
Bu məqsədlə şirkətin hesabına 68 min 840 manat vəsait köçürülüb.
Asif Ağayev bildirib ki, onların “Ofis aləmi” adlı mağazası olub və tenderdə iştirakdan əvvəl də Səlim Əlizadə oradan dəftərxana malları alırmış. Bu üzdən XİN rəsmisini tanıdığını deyən şahidin sözlərinə görə, bəzən Səlim Əlizadə ləvazimatları nisyə alıb, sonradan pulunu ödəyib:
“Sonuncu dəfə 18 min manatlıq mal vermişdik. Sonra Xarici İşlər Nazirliyində tenderin qalibi olduq, bizim hesabımıza vəsait köçürüldü. Bu puldan 18 min manat borcu çıxdıq. Həmin ərəfədə Səlim müəllim dedi ki, nazirin tapşırığı var, tikinti işləri görülməlidir. Buna görə məndən borc istədi. Mən də hesabda qalan pulu ona borc verdim”.
Lakin şahid istintaq dövründə DTX-da dindirilərkən ifadəsində deyib ki, 68 min 840 manatlıq köçürmədən borcu çıxandan sonra qalan pulun 42 min 841 manatını nağd şəkildə Səlim Əlizadəyə qaytarıb. Çünki əvvəlcədən belə razılaşıbmışlar. Vəsaitin bir hissəsi də həmin məbləğin ödənilməsinə gedib.
Prokurorun suallarına cavab verən şahid bildirib ki, tenderdə iştirak təklifi də Səlim Əlizadədən gəlib: "Hətta lazım olan sənədləri də o demişdi".
Məhkəmədə dindirilən daha bir şahid Ramil Hüseynov isə deyib ki, dayısı Zeynal Nağıyev və onun həyat yoldaşı Sevda Nağıyevanın adına şirkətlər olub. Həmin şirkətlər də XİN-in tenderlərində qalib olub. Ramil Hüseynovun adı isə bu şirkətlərdə xəzinədar kimi rəsmiləşdirilib.
Şirkətin hesabına köçürülən pulu nağdlaşdırıb, dayısına çatası pulu götürüb və qalanını geri verib: “Dayım Salyanda yaşayır, taksi sürücüsüdür, özü də 15 ildir dializ xəstəsidir. İki dəfə bankdan pul götürmüşəm: birində 129 min, ikincisində 97 min manat. Bu puldan dayıma cəmi 2500 manat verilib. Onun da 800-1000 manatı vergi ödənilməsi üçün, qalanı dayımın müalicəsinə xərclənib. Bir müddət sonra məhkəməyə verib, şirkəti bağlatdırdıq”.
Bu şahid DTX-da tanınmada Səlim Əlizadənin şəklini göstərərək deyib ki, pulları hesabdan çıxarıb, ona verib. Amma məhkəmədə bildirib ki, Asif adlı şəxslə görüşüb və pulu ona verib, Səlim Əlizadəyə yox.
Başqa bir şahid Şöhrət Bəyişov bildirib ki, onun adına 5 şirkət açılıb. Lakin bu şirkətlərin nə iş gördüyündən, necə işlədiyindən, hansı məbləğdə vəsait köçürüldüyündən xəbəri olmayıb: “Rəsmiyyə Qazıyeva adlı qadın vardı, ona etibarnamə vermişdim. Mənim adıma şirkətlər yaradılmışdı. Hər ay şirkətlərin hər birinə görə mənə 100 manat verilirdi. Son vaxtlar pulun verilməsində problem yarandı. Gah pul gecikdi, gah məbləğ az verildi, ona görə narazılıq yarandı. Ona görə şirkətləri geri aldım. Gedib banka dedim ki, bu hesablarda əməliyyat aparılmasın. Mənə vergidən zəng eləyirdilər ki, vergi borcu var. Rəsmiyyəyə dedim, bir hissəsini o, bir hissəsini özüm verdim. Hələ də 8000 vergi borcu qalıb”.
Onun adına olan şirkətlər XİN-in tenderlərində qalib olub, bu şirkətlərin hesabına nazirlikdən külli miqdarda vəsait köçürülüb.
XİN-in vəzifəli şəxslərinin məhkəməsi sentyabrın 29-da davam edəcək.
Fərhad Mollazadə və Səlim Əlizadə 2020-ci ilin iyulunda DTX əməkdaşlarının XİN-də keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrilə ittiham irəli sürülüb.
Onlar 2.5 milyonluq ziyanın 2.3 milyonunu ödəyəndən sonra 2020-ci ilin dekabrında ev dustaqlığına buraxılıblar.