Azərbaycanın Xarici İşlər Nazirliyi 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məlumat yayıb.
Bu barədə XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib.
"Bu gün, 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfi olan Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün oğlanlar və qızlar Ermənistanın hərbi təcavüzündən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirə biliblər. Azərbaycan ərazisindəki təhsil müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq heç bir fərq qoyulmadan atəşə məruz qalıb və məktəblilər və təhsil personalı təhlükə altında tədris prosesində iştirak edib.
Ötən il baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb.
Münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqlarımızın təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib. Hazırda biz azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik.
9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini və uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququna hörmət edilməsinin vacibliyini bir daha vurğulayırıq. Ermənistandan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətlərinə dair çoxsaylı faktları araşdırmaq və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etmək beynəlxalq öhdəliklərinə riayət etməyi tələb edirik", - məlumatda qeyd olunub.