20 Sentyabr 2021
Mətni dəyiş
İŞİD tərəfindən qətlə yetirilən türk əsgərləri Səftər Taş və Fəthi Şahinin öldürülmələrinə fətva verdiyi iddia edilən 64 yaşlı İŞİD qazisi Camal Abdul Rəhman Əlvi həbs edilib.
Halk TV-nin xəbərinə görə, Əlvinin Qaziantepdə quşçuluq dükanı işlətdiyi məlum olub. O, illərdir yaşadığı bu şəhərdə 2020-ci il, iyunun 15-də təsadüfən yaxalanmış, “dəlillərin toplanması və saxtalaşdırılma ehtimalının olmaması, müttəhimin ailəvi və şəxsi səbəbləri” əsas göstərilərək 2021-ci il martın 2-də sərbəst buraxılmışdı.
Əlviyə yaşadığı mənzili tərk etmək və xaricə çıxış qadağası qoyulsa da, bu qərar da iyunun 26-da ləğv edilib. Əlvi haqqında iki türkiyəli əsgərin şəhid edilməsi ilə bağlı Kilisdə istintaq başladıldığı, amma hələ heç bir cinayət işi açılmadığı öyrənilib.
Həbs edildi
Hadisənin ortaya çıxması və etirazların ardından ötən gün saxlanılan Əlvi həbs edilib.
Halk TV-dən İsmayıl Saymazın xəbərinə görə, Qaziantep əyalət polis idarəsinin əməkdaşları Qaziantep Baş Prokurorluğunun başlatdığı İŞİD-in 2016-cı ildə iki əsgəri öldürməsi barədə istintaq çərçivəsində Camal Abdul Rəhman Əlvi hadisənin əmrini verən şəxs qismində yaxalanıb.
Saxlanılan Əlvi növbətçi məhkəmə qarşısına çıxarılıb. O, məhkəmə qərarı ilə həbs edilərək həbsxanaya aparılıb.