Tunis Prezidenti Kais Said Nacla Buden Romdhaneni ölkənin yeni Baş naziri təyin edib.
Tunis prezidenti Kais Said 2 ay əvvəl ordunun da dəstəyi ilə hökuməti buraxıb, palamentin də fəaliyyətini dayandırmışdı.
Onun növbəti addımı Dünya Bankının keçmiş əməkdaşı, mühəndislik fakültəsinin professoru Nacla Buden Romdhaneni Tunisin Baş naziri təyin etmək olub.
İslamçı qrupların da daxil olduğu böyük bir müxalif dəstə prezidentin hökuməti buraxmasını və parlamentin fəaliyyətini dayandırmasını çevriliş olaraq qiymətləndirərək xalqı meydanlara çağırmışdı. Prezidentə hökumətin qurulması ilə bağlı ölkənin daxilindən və xaricindən ciddi təzyiqlər var idi.
Bütün bunlara baxmayaraq, prezident Kais Said ötən həftə bildirmişdi ki, hətta konstitusiyanın əleyhinə olsa belə, bir müddət ölkəni özü tək idarə edə bilər.
Yeni Baş nazirin təyinatı yeni hökumətin qurulacağı mesajlarını verib. 63 yaşlı Nacla Buden Romdhane nəinki Tunisdə, həmçinin Ərəb dünyasında bu vəzifəyə təyin olunan ilk qadındır.
Yeni Baş nazir növbəti bir neçə gün ərzində nazir namizədlərini təqdim etməlidir.