16 Sentyabr 2021
Mətni dəyiş
“Əfqanıstan qonşuları və region ölkələri ilə yaxşı münasibətlər qurmağa ümid edir”.
Bunu “Report”a Kabildə verdiyi müsahibəsində “Taliban”ın keçid hökumətinin nümayəndəsi, informasiya və mədəniyyət naziri vəzifələrinin icraçısı molla Xayrulla Xayrxva bildirib.
Onun sözlərinə görə, Əfqanıstanın bütün ticarət limanları qonşu ölkələrin üzünə açıqdır: "İran, Pakistan, Özbəkistan və Türkmənistan artıq Əfqanıstana humanitar yardım göndərib. Eyni zamanda, bütün bu ölkələrin Əfqanıstan haqqında bəyanatları çox müsbətdir. Əfqanıstan İslam Əmirliyi” mövcud şəraitdə ölkəni nəzarət altına alıb və bu zaman “Taliban” hərəkatı bütün beynəlxalq qanunlara riayət edib".
Əfqanıstanda gender bərabərliyi məsələsinə gəlincə, molla X.Xayrxva bildirib ki, ümumilikdə ölkə qadınlarının təhsil almaq və işləmək hüququ var, lakin onlar hicab taxmalıdırlar.
O, Kabildə qadınların təşkil etdiyi nümayişlərin dağıdılması haqqında sualı şərh edərkən deyib: “Etiraf edirik ki, (ordu) qüvvələrimizin bəzi nümayəndələri onlarla (qadınlarla) pis rəftar ediblər, lakin artıq dediyim kimi qadınlar İslam şəriətinə uyğun olaraq təhsil almaq və işləmək hüququna malikdirlər”.
Onun sözlərinə görə, Əfqanıstanda seçkilər keçirilərsə qadınlar da İslam qanunlarına riayət etməklə iştirak edəcəklər.
“Hələlik seçkilər haqqında danışmaq tezdir, “Əfqanıstan İslam Əmirliyi”nin rəsmi nümayəndələri gələcəkdə seçkilər haqqında qərar qəbul edəcəklər. Əgər seçki keçirsək, beynəlxalq ictimaiyyət onu tanımalıdır”, - X.Xayrxva seçkilərin təxirə salınması məsələsini şərh edərkən bildirib.