24 Sentyabr 2021
Mətni dəyiş
Talibanın mənfi nüfuzlu keçmiş dini polisi bildirib ki, Əfqanıstanda edam və əlkəsmə kimi cəza tədbirləri bərpa ediləcək.
Artıq həbsxanalardan məsul olan Molla Nurəddin Turabi AP News-a müsahibəsində qeyd edib ki, əl kəsilməsi "təhlükəsizlik üçün vacibdir".
Onun sözlərinə görə, ola bilər ki, bu cəzalar 1990-cı illərdə keçmiş Taliban hakimiyyəti zamanı olduğu kimi ictimaiyyət qarşısında həyata keçirilməsin.
Amma o, ictimai edamlara etiraz edənlərin fikirlərini də rədd edib: “Heç kim bizə qanunlarımızın necə olacağını deyə bilməz”.
Taliban avqustun 15-də Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra əvvəlki hakimiyyətdə olduğundan daha yumşaq idarəetmə vəd edir.
Amma artıq ölkədə insan haqlarının pozulması haqda bir çox məlumat gəlməyə başlayıb.
Cümə axşamı "Human Rights Watch" Talibanın Heratda "yüksək vəzifəli qadınları axtardığı, qadınların evlərindən kənarda sərbəst hərəkətini məhdudlaşdırdığı və məcburi geyim kodları tətbiq etdiyi" barədə xəbərdarlıq edib.
Avqust ayında "Beynəlxalq Əfv Təşkilatı" zülmə məruz qalan Hazara azlığının doqquz üzvünün qətliamının arxasında Taliban döyüşçülərinin dayandığını söyləyib.
1990-cı illərdə qeyri-dini musiqi dinləyən və ya saqqallarını kəsən insanları sərt cəzalandırması ilə məşhur olan Turabi bildirib ki, sərt cəza növləri davam etsə də, qruplaşma bundan sonra televiziyalara, cib telefonlarına, foto və videolara icazə verəcək.
Keçmiş hərəkətlərinə görə BMT-nin sanksiyalar siyahısında olan Turabi Taliban nazirlər kabinetinin cəzaların ictimai şəkildə tətbiq edilməsinin lazım olub-olmadığını müzakirə etdiklərini və bu barədə “yeni siyasət hazırlayacaqlarını” söyləyib.
Hələ 1990-cı illərdə edamlar Kabilin idman stadionunda və ya Eid Gah məscidinin geniş ərazilərində kütləvi şəkildə icra edilirdi.
O dövrdə Turabi eyni zamanda həm ədliyyə naziri, həm Fəzilət Təbliğatı Nazirliyinin rəhbəri, həm də Talibanın dini polisi vəzifələrini icra edirdi.
"Hər kəs bizi stadiondakı cəzalara görə tənqid etdi, amma biz heç vaxt onların qanunları və cəzaları haqqında heç nə deməmişik", Turabi söyləyib.