3 Sentyabr 2021
Mətni dəyiş
Sosial mediada yayılan məlumat və fotolara əsasən, Əfqanıstan ordusuna məxsus tank və digər hərbi nəqliyyat vasitələri Tehranda və İranın digər hissələrində görülüb.
Bu barədə məlumatı “Iran International” yayıb.
Belə ki, yayılan fotolardan “Humvees” zirehli texnikasının ölkənin şərq hissələrindən Semnan-Garmsar yolu vasitəsilə Tehran tərəfə aparıldığını görmək mümkün olub.
Bununla yanaşı, Əfqanıstanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Besmallah Mohammadi sözügedən fotolardan birini paylaşaraq İranı “pis qonşu” adlandırıb və qeyd edib ki, Əfqanıstanın bədbəxtliyi uzun sürməyəcək.
İran rəsmiləri isə hələ ki, bu məlumatlarla bağlı açıqlama verməyib.
“Iran International” yazır ki, əgər İran Əfqanıstanda qalmış Amerikaya məxsus hərbi texnikaları əldə etmək üçün “Taliban” hərəkatı ilə razılığa gəlibsə, bu, ABŞ-a qarşı böyük qələbə olacaq. Həmçinin qeyd olunur ki, indiyə qədər əldə olunmuş məlumatlar azdır və “Taliban” tərəfindən İrana verilən texnikaların sayı və növləri barədə məlumat yoxdur.