“Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar”.
NATO-nun Baş katibi Yens Stoltenberq bunu “Telegraph” qəzetinə müsahibəsi zamanı bildirib.
“Paralel strukturlar qurmaq, qoşa komandanlıq iyerarxiyası yaratmaq, birgə hərəkət qabiliyyətimizi və birlikdə fəaliyyət gücümüzü zəiflədə bilər. Resurslarımızın məhdudluğu şəraitində bir-birinə zidd cəhdlərə gərək yoxdur. Avropanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş cəhdlərdən məmnunluq duyuram, amma bu, NATO-nu əvəz edə bilməz. Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar”, - o qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Əfqanıstandakı uğursuzluqları nümunə göstərərək Aİ-nin ayrıca hərbi güc formalaşdırmalı olduğunu bəyan etmişdi.