Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının (TSEK) keçmiş sədri Katib Məmmədov 10 il azadlıqdan məhrum edilib
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Katib Məmmədovla yanaşı, Bakı Dəmir Yol Xəstəxanasının stasionar şöbəsinin müdiri, xəstəxananın Həkim-məsləhət komissiyasının sədri Səftər Həsənov, Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasının tibb işçiləri Kəmalə Babayeva, İradə Rzaquliyeva və 32 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinin müdiri Mirzə Əsgərov haqqında da ittiham hökmü çıxarılıb.
Ancaq Katib Məmmədovdan fəqli olaraq, onlar azadlıqdan məhrum edilməyib. Bir qisminə islah işləri, bəzilərinə isə şərti cəza verilib.
Təqsirləndirilən şəxslər müxtəlif vətəndaşlara əlillik dərəcələri almaqda yardım edərək onlardan rüşvət almaqda ittiham olunurlar.
İddia olunur ki, tibb işçiləri rüşvət müqabilində qanunsuz qiymətləndirmə aparıb, müayinələrin nəticəsilə bağlı saxta tibbi sənədlər hazırlayıblar. Buna görə 4 nəfər vətəndaşdan ümumilikdə 12 min 200 manat rüşvət aldıqları cinayət işinin materiallarında əksini tapıb.
Katib Məmmədov və digərlərinə Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
Katib Məmmədov və onunla birlikdə mühakimə olunanların işi məhkəməyə göndəriləndə ümumi cinayət işindən ayrılıb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başqa bənzər faktlarla bağlı istintaq araşdırmalarının davam etdirildiyi bildirilir.