14 Sentyabr 2021
Mətni dəyiş
Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olmuş, AXCP-yə maliyyə yardımında ittiham edilərək, üç ildən çoxdur həbsdə saxlanılan Saleh Rüstəmovun səhhətində problemlər yaranıb. Onun yaxınlarının verdiyi məlumata görə, günlərdir onun temperaturu yüksəkdir, iybilmə və dadbilmə itib. Saleh Rüstəmovun ailə üzvləri xəstəliyin əlamətlərini nəzərə alaraq, onun COVİD-19 virusuna yoluxmasından şübhələnib.
Sentyabrın 13-də Saleh Rüstəmov vəkili Bəhruz Bayramovla əlaqə saxlayaraq, ondan COVİD-19 ilə bağlı analiz götürüldüyünü, lakin virus aşkarlanmadığını bildirib.
“Həkimlər onun səhhətində yaranmış problemləri adi qrip kimi dəyərləndirib” deyən ailə üzvlərinin sözlərinə görə, Saleh Rüstəmov saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində ona münasibətdə lazımi müalicələrin aparıldığını da vurğulayıb.
1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş, Qarabağ döyüşçüsü Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra - mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, S.Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.
Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmov bildirib ki, uzun illər AXCP-nin üzvü olub. 1998-ci ildən Rusiyada yaşayır. Orada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.
Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.
AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.