29 Sentyabr 2021
Mətni dəyiş
Gürcüstan hakimiyyəti keçmiş prezident Mixail Saakaşvilinin ölkəyə qayıdacağı təqdirdə həbs ediləcəyini söyləyir.
Bazar ertəsi Mixail Saakaşvili həftə sonu keçiriləcək yerli seçkilər üçün Gürcüstana uçmağı planlaşdırdığını deyib.
2004-cü ildən 2013-cü ilə qədər prezident postunu tutan 53 yaşlı Saakaşvili Gürcüstan ədliyyəsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır.
Ana müxalifət Vahid Milli Hərəkat partiyasının qurucusu hazırda Ukraynada sürgün həyatı yaşayır.
"Gürcü arzusu" üçün vacib sınaq
Onun Gürcüstana qayıdışı ölkənin hakim “Gürcü Arzusu” partiyası üçün əhəmiyyətli bir sınaq kimi qiymətləndirilir.
Ancaq baş nazir İrakli Qaribaşvili çərşənbə axşamı Saakaşvilinin "Gürcüstan torpağına ayaq basacağı təqdirdə dərhal saxlanılacağını və həbs olunacağını" söyləyib.
Keçən il müxalifət partiyalarının parlament seçkilərində kütləvi saxtakarlıqlar olduğunu iddia etməsindən sonra Gürcüstan siyasi böhran vəziyyətinə düşüb.
May ayında Avropa Şurasının prezidenti Şarl Mişel çıxış müqaviləsinin imzalanmasında vasitəçi olub. Lakin iki ay sonra “Gürcü Arzusu” birtərəfli qaydada müqavilədən çıxıb, bununla da AB və ABŞ-ın tənqidinə səbəb olub.
Saakaşvili şənbə günü keçirilən yerli seçkiləri “Gürcü arzusu”na qarşı "referendum" adlandırıb və əldə edilən razılaşmaya hörmətin vacibliyini vurğulayıb.