"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilir.
Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.
Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa da sənəddən çıxarılır.
Qeyd edək ki, qanun layihəsi "Sosial müavinətlər haqqında" 2020-ci il 29 dekabr tarixli 241-VIQD nömrəli qanuna və Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmanına əsasən hazırlanıb.
Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün nməbləği 300 manatdan 500 manata çatdırılıb.
Şəhid ailəsi üzvləri üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təqaüdlə əvəz olunduğu üçün müvafiq dəyişiklik təklif olunur. Həmçinin mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqları üçün qanunda müvafiq dəyişiklik təklif olunur.