Rusiyada bir turizm şirkəti "Taliban turu" paketini satışa çıxarıb.
Şirkət Rusiyadan Talibanın nəzarətində olan Əfqanıstana 10 günlük turistik turlar təşkil etdiyini açıqlayıb.
Bu turlar adambaşına 350 min rubla (8 min 100 manat) başa gələcək.
Bu barədə şirkətin operatorluğunu edən Qalina Jdaranova "Moskovski Komsomolets" qəzetinə açıqlamasında məlumat verib.
"Tətil günlərini adətən Rusiya sərhədlərindən kənarda keçirən bir müştərimiz Əfqanıstana getmək istədiyini deyəndə, bunun üzərində işlədik və Əfqanıstanda tur təşkil etməyin yollarını tapdıq", - deyə o, açıqlamasında bildirib.
2021-ci il avqustun 15-də Taliban Əfqanıstanı tamamilə nəzarətə götürdüyünü açıqlayıb. Silahlı qruplaşma ölkədə şəriət qaydalarına uyğun idarəetmənin olacağını bildirib və yeni hökumətin qurulduğunu açıqlayıb. Hələlik dünya ölkələri hökumətin legitimliyini tanımağa tələsmir.