Rusiya hökuməti bazar ertəsi həbsdə olan Kremlin tənqidçisi Aleksey Navalnının veb səhifəsini bloklayıb. Navalnı özünün veb sahifəsi vasitəsilə tərəfdaşlarına bu ay keçiriləcək seçkilərdə hakim partiyadan olan namizədlərə səs verməməklə bağlı təlimat verirdi.
Agence France-Press-ə (AFP) verdiyi açıqlamasında kommunikasiyaya nəzarət edən Roskomnadzor votesmart.appspot.com saytına girişin "ekstremist bir təşkilatın işini davam etdirmək üçün istifadə edildiyinə görə" bloklandığını deyib.
Parlament seçkilərinin sentyabrın 17-19 tarixlərində keçirilməsi planlaşdırılır və Navalnının müttəfiqləri də daxil olmaqla, demək olar ki, bütün Kreml tənqidçilərinin namizədliklərini irəli sürmələrinə qadağa qoyulub.
Bu il 45 yaşlı Navalnın təşkilatları "ekstremist" elan edilərək, fəaliyyətlərinə qadağa qoyulub və onun yaxın köməkçiləri ölkəni tərk edib.
Əsəb sistemini iflic edən Noviçok-dan zəhərləndikdən sonra sağ qalan Navalnı, tərəfdarlarının dediyinə görə, fevral ayında iyirmi ildir hakimiyyəti əlində saxlayan Prezident Vladimir Putinə etiraz etdiyi üçün həbs edilib.
Bundan əvvəl Roskomnadzor Navalnının navalny.com saytı da olmaqla, onunla əlaqəli onlarla veb sayta girişi qadağan edib.
Keçən həftə Roskomnadzor həmçinin Google və Apple şirkətlərindən Navalnının "Ağıllı Səsvermə" kampaniyasına həsr olunmuş bir tətbiqin tətbiq mağazalarından çıxarmalarını istəyib, lakin şirkətlərdən bu istəyə hələ cavab gəlməyib.
"Ağıllı Səsvermə" taktikası hal-hazırda rəy sorğularında 30%-dən az dəstəyə malik olan və getdikcə populyarlığını itirən "Vahid Rusiya" partiyasının son yerli seçkilərdə bir sıra yerlərini itirməsinə səbəb olub.