Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkmiş qismində tanınan Şəhərsalma və Arxitektura Komitəsinin hüquqi nümayəndəsi Rüfət Muradova söz verilib.
Hüquqi nümayəndə bildirib ki, tarixi abidə sökülərək yerində bina tikilib. Aparılan tikinti zamanı isə orada tikinti normalarına riayət olunmayıb.
Daha sonra Rasim Quliyev ifadəsini davam etdirib. R.Quliyev bildirib ki, Dilarə Əliyeva küçəsində tikinti aparılması üçün 2015-ci ildə işlər görülüb. Tikinti işləri aparılması üçün eskiz nişanı həmin vaxtdan hazırlanıb:
"Burada mənim imzaladığım deyilən 2017-ci il sərəncamına nə ehtiyac var idi? Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Nəsimi Rayonu Dilarə Əliyeva 141-də mənim sərəncamımdan əvvəl 4 mərtəbə qaldırılmışdı. Mənim sərəncamımdan sonra isə beşinci mərtəbədə bir balaca atma işləri aparılıb".
R. Quliyev ifadəsində sabiq mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Baş nazirin sabiq müavini Hacıbala Abutalıbova sözügedən tarixi əhəmiyyətli binalarla bağlı məktub göndərildiyini deyib:
"Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətli bina kimi dövlət nəzarətinə götürülüb. Qış parkında aparılan tikinti zamanı həmin binaya ziyan dəyib".
Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsin ifadəsinə etirazını bildirərək onun verilən ittiham üzrə danışmasını istəyib:
"Siz öz özbaşına icra başçısı səlahiyyətlərini mənimsəmisiz. Siz Aparat rəhbəri olsanız da, gah müavin olmusunuz, gah icra başçısı səlahiyyətlərini icra etmisiz. Hələ bundan başqa sərəncam da vermisiniz".
Təqsirləndirilən şəxsin vəkili dövlət ittihamçısının sözlərinə etiraz edərək bildirib ki, Rasim Quliyevə vəzifə səlahiyyətlərindən istifadə ilə ittiham verilib: “Sizin sözləriniz isə vəzifə səlahiyyətlərini aşmaqla bağlıdır”.
Rasim Quliyevin digər vəkili Rəsul Yusifbəyli də etiraz edib: "Bakı Şəhər İcra Hakimiyyəti sizin üçün nədir? Gələn istənilən səlahiyyətləri götürür? Hacıbala Abutalıbova müavin vəzifəsinə adam tapmayıblar, Rasim Quliyevə tapşırıblar. Hələ Hacıbala Abutalıbov deyib ki, sənə vəzifəni elə-belə vərirəm, nəzarəti özündə saxlayır"
Prosesin davamında hakim Faiq Qəniyev məhkəmədə zərərçəkmiş qismində iştirak edən hüquqi varisə Bakı Şəhər İcra Hakimiyyətinin ciddi dövlət qurumu olduğunu bildirərək, prosesə hazır şəkildə sənədlərlə birgə gəlməli olduğunu bildirib.
Proses sentyabrın 20-də davam etdiriləcək.
Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.