24 Sentyabr 2021
Mətni dəyiş
"Qarabağın statusu ilə bağlı Ermənistanın tələbləri perspektivsizdir".
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” ("Milli müdafiə") jurnalına müsahibəsində bildirib.
“Təəssüf ki, indiyədək Qarabağın statusu məsələsi qaldırılır, amma bu, tamamilə perspektivsizdir. Düşünürəm ki, bu, Ermənistanın indiki acınacaqlı vəziyyətində onun özü üçün də zərərli və təhlükəlidir. Onlar İkinci Qarabağ Müharibəsinin dərslərini unutmamalıdırlar", - İ.Əliyev deyib.
"Zəngəzurun və Göyçə gölünün tarixi mənsubluğu baxımından bizim ərazi iddiaları üçün daha çox zəminimiz var"
Prezident əlavə edib ki, əgər Ermənistan bundan sonra da Azərbaycana qarşı ərazi iddiaları irəli sürsə, Bakı buna eynilə cavab verəcək.
"Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdə davam edərsə, Ermənistana qarşı ərazi iddialarından çəkinmək bizim üçün də çətin olacaq. Zəngəzurun və Göyçə gölünün tarixi mənsubluğu baxımından buna bizim daha çox əsasımız , ərazi iddiaları üçün daha çox zəmin var. Amma biz onları irəli sürmürük ", - Əliyev deyib.
Və ümumiyyətlə müharibədə məğlub olaraq kapitulyasiya aktını imzalayan Ermənistan niyə özünü Qarabağ üçün hansısa statusdan danışmağa haqlı sayır? Artıq olmayan bir şeyin statusundan danışmaq mümkün deyil.
"Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, yəni Şərqi Zəngəzur iqtisadi rayonu. Bu, bizim ərazimizdir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini ancaq özümüz müəyyənləşdirməliyik. Ancaq biz. Başqa heç kim, xüsusilə də Ermənistan", - o vurğulayıb.
“Yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar"
Prezident hesab edir ki, Dağlıq Qarabağın statusu haqda çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir: “Yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər”.
Əliyev hesab edir ki, Cənubi Qafqazda sülh və sabitlik perspektivləri əsasən Ermənistan tərəfinin mövqeyindən asılıdır:
"Biz öz mövqeyimizi müəyyənləşdirmişik. Biz dövlət sərhəddinin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Bu, lazımdır. Müharibə başa çatıb, Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixdə qalıb", - dövlət başçısı deyib.
Prezident qeyd edib ki, hazırda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu fəaliyyət göstərir. "Odur ki, regionun gələcəyi ilə bağlı işlər çətin olsa da aparılır. Erməni tərəfi iki ay yarım müddətə taym-aut götürüb. Yalnız avqustun 17-də işçi qrupunun fəaliyyəti bərpa olunub. Biz münasibətlərin normallaşdırılması baxımından irəliləməyə hazırıq, lakin hələlik Ermənistan tərəfdən müsbət siqnal yoxdur", - Əliyev əlavə edib.