16 Sentyabr 2021
Mətni dəyiş
Polşada onlarla xəbər agentliyi miqrant axınından sonra Varşavanın tətbiq etdiyi fövqəladə vəziyyətin bir hissəsi olaraq Belarusla sərhəddə medianın girişinə tətbiq olunan qadağaya qəzəbini ifadə edib.
Son aylarda əsasən Yaxın Şərqdən gələn minlərlə miqrant Belarusdan Avropa İttifaqının şərqindəki ölkələrə - Latviya, Litva və Polşaya keçib və ya keçməyə çalışıb.
Avropa İttifaqı bu axını Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonun ittifaqın onun rejiminə sərt sanksiyalar tətbiq etməsinə cavab olaraq qəsdən yaratdığından şübhələnir.
Polşa axına cavab olaraq minlərlə əsgəri sərhədə göndərib və bu ayın əvvəlində sərhəd bölgəsinə jurnalistlər də daxil olmaqla ərazinin sakinləri olmayan şəxslərə girişin qadağan edildiyi 30 günlük fövqəladə vəziyyət tətbiq edib.
"Hökumətin addımları söz azadlığı prinsipi ilə ziddiyyət təşkil edir" deyə media qurumlarının saytlarında yayımladıqları ortaq açıqlamada bildirilir. Açıqlamada deyilir ki, medianın qarşısının alınması "qəbuledilməzdir və demokratik bir ölkənin standartlarına uyğun gəlmir".
Bəzi media orqanları bildirib ki, QHT-lər polşalı sərhəd mühafizəçilərinin miqrantları Belarusa doğru geri göndərdiyini iddia edib.
Bəyanat 30 media təşkilatı tərəfindən yayımlanıb və o vaxtdan bəri bir neçə media qurumu da bu bəyanatı dəstəkləyib.
Sərhədsiz Reportyorlar təşkilatı bazar ertəsi yayımladığı ayrı bir açıqlamada Polşada "mətbuat azadlığı ilə əlaqədar fövqəladə vəziyyət" elan edib.
Qurum 2015-ci ildə Polşada Qanun və Ədalət partiyasının hakimiyyətə gəlməsindən sonra ölkənin Ümumdünya Mətbuat Azadlığı İndeksində 46 pillə gerilədiyini bildirir. Hazırda Polşa 180 ölkə arasında 64-cü sıradadır.