Aşqabadda polis oğlan və qız uşaqlarının parklarda bir yerdə olmasını qadağan edir. Bu barədə Azadlıq Radiosunun Türkmənistan xidməti xəbər verib.
Polis əməkdaşları gənclərin sənədlərini yoxlayırlar. Bu, adətən “İlham” parkında baş verir. Əgər oğlan yanındakı qızın bacısı olduğunu deyirsə, onlardan sənəd tələb olunur.
Əgər qız oğlanın kurs yoldaşı çıxarsa, o zaman cütlük polis bölməsinə aparılır, daha sonra şəxsiyyətlərinin təyin edilməsi üçün tələbələrin təhsil müəssisəsinə və valideynlərinə məlumat verilir.
Hüquq mühafizə orqanları əməkdaşları bu addımların səbəbini açıqlamırlar.
Bundan əvvəl Türkmənistanın paytaxtında kişilər və qadınlara şort geyindiklərinə görə polis tərəfindən xəbərdarlıq edilirdi, onlar bu cür geyimə görə küçədə saxlanılırdılar.
İyul ayında Azadlıq Radiosunun Türkmənistan xidməti bildirmişdi ki, Farap və Darganat etraplarında polislər cins şalvar və dar, qısa libas geyinən, həmçinin makiyaj edib saçlarını rəngləyən qadınları saxlayırdılar.