15 Sentyabr 2021
Mətni dəyiş
Bakı Apelyasiya Məhkəməsində “xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanovun qardaşı Niyaməddin Aslanovun şikayətinə baxılıb. Apelyasiya şikayəti Ombudsman Aparatının əməkdaşlarını təhqir etməkdə ittiham edilən Niyaməddin Aslanzadənin buna görə 5 günlük inzibati həbsi haqda qərardan verilmişdi.
Öncə məhkəmə iclası sentyabrın 14-nə təyin edilsə də, Ombudsman Aparatından kimsə iştirak etmədiyinə görə proses bir gün sonraya təxirə salınmışdı.
Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın Meydan TV-yə verdiyi məlumata görə, sentyabrın 15-də məhkəməyə heç Niyaməddin Aslanovun özünü də buraxmayıblar: “Ona deyilib ki, məhkəmə hələ başlamayıb. Sən demə, həmin vaxt artıq proses gedirmiş. Nərimanov Rayon Məhkəməsinin qərarını haqlı sayıb, qüvvədə saxlayıblar”.
Gülmirə Aslanovanın sözlərinə görə, Niyaməddin Aslanov Ombudsman Aparatına zəng edərək, qardaşı Polad həbsdə aclıq etdiyi halda, bu qurumun əməkdaşlarının gedib onun durumu ilə maraqlanmamasına iradını bildirib: “Bundan sonra Ombudsman Aparatından Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib ki, guya Niyaməddin Aslanov onları təhqir edib. İdarədən də o şikayəti Niyaməddin Aslanovun yaşayış yeri üzrə Nərimanov rayonu, 18-ci polis bölməsinə yönləndiriblər. Bölmənin əməkdaşları Niyaməddini çağırıblar, orada onun adından istədikləri izahatı yazıb, psixoloji təzyiq altında imza atdırıblar. Məhkəmə də təzyiq altında imza atdırılan həmin izahatdan istifadə edir”.
Gülmirə Aslanova vurğulayıb ki, inzibati həbslə bağlı ölkə daxilində şikayət üçün sonuncu instansiya apelyasiya məhkəməsidir. Ona görə də bu məhkəmənin qərarını alan kimi Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər.
Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə - dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
Baş redaktor isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.