16 Sentyabr 2021
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş, partiya üzvü Niyaməddin Əhmədovun bu ilin martından başlayan məhkəməsi davam edir.
Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında cinayət işindəki sənədlər elan edilib.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 15-də həbs edilib və karantin rejimi qaydalarını pozma ittihamıyla ona 30 sutka cəza verilib. Mayın 15-də - həbsdən buraxılmalı olduğu gün isə Baş Prokurorluğun İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb.
Məhkəmədə elan edilən sənədlərdən məlum olub ki, Niyaməddin Əhmədov hələ inzibati həbsdə olarkən onun yaşadığı evdə axtarış aparılıb. Niyaməddin Əhmədov məhkəmədə bildirib ki, inzibati həbsdə olduğu müddətdə onu təcridxanadan çıxarıb, başına torba keçirib aparıblar. Sonradan bilib ki, aparıldığı yer Dövlət Təhlükəsizliyi Xidmətidir. Orada işgəncələrə məruz qaldığını deyən AXCP üzvünün sözlərinə görə, məqsəd partiya sədri Əli Kərimlinin əleyhinə ifadələrə qol çəkdirmək olub.
Vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkili inzibati həbsdən buraxılmalı olduğu gün əvvəl şahid, sonra şübhəli şəxs, ardınca da təqsirləndirilən şəxs qismində dindirilib. Vəkilin sözlərinə görə, protokolda müstəntiq Ramiq Babayevin onu şahid qismində 15 mayda saat 15.00-da dindirdiyi yazılıb: “Halbuki həmin vaxt o, inzibati həbs olunanların saxlandığı təcridxanada olmalıydı. Onun təcridxanadan çıxarılması barədə hər hansı rəsmi sənəd yoxdur. Cəza müddəti isə axşam saat 21.50-də başa çatmalıydı. Dost-tanışı həmin vaxt təcridxananın qarşısına gedib, Niyaməddin Əhmədovun çıxmasını gözləyib. Uzun müddət gözləsələr də, çıxmayıb. Yaxınları məcbur olub, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına və başqa dövlət orqanlarına müraciət edib. Lakin onun yeri haqda heç bir məlumat ala bilməyiblər. Yalnız bu deyilib ki, 15 may saat 21.50-də müddət bitib, təcridxanadan çıxıb”.
Vəkil əlavə edib ki, Niyaməddin Əhmədovun müdafiəçisi olsa da, Baş Prokurorluğun İstintaq İdarəsində dindirməyə onu dəvət etməyiblər, müvəkkilinin durumu haqda ona heç bir məlumat verməyiblər: “İstintaq materiallarına görə, 15 dəqiqə ərzində ona həm dövlət hesabına vəkillərin siyahısı təqdim olunub, həm vəkil gəlib, həm təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı elan edilib. Bu, heç nəzəri baxımdan mümkün deyil...”
Niyaməddin Əhmədov bildirib ki, o, prokurorluqda olarkən Zibaydə Sadıqovanın dəvət olunmasını istəyib. Lakin onun tələbi nəzərə alınmayıb, dövlət hesabına vəkil çağrılıb. AXCP üzvünün sözlərinə görə, o da gerçək vəkillik etməyib, sadəcə, sənədləri imzalayıb: “Kamera görüntülərini çıxarıb baxa bilərsiniz, mən öz vəkilimin dəvət olunmasını istəmişəm. Dəfələrlə demişəm, amma fikir verən olmadı. Mənə elə təzyiqlər olub ki, danışılası deyil. Hətta atamın xəstəliyindən də istifadə elədilər. Deyirdilər ki, atanın vəziyyəti çox ağırdır, üstünə Təcili Tibbi Yardım gəlir, eşitsə ki, səni 10 ildən 14 ilə qədər həbs gözləyir, təsəvvür edirsən də nə hala düşər. Ona görə də seçim qarşısındasan, ya deyilən ifadəni imzalayıb, atanın yanına gedirsən, ya da nə olacağını özün bilirsən. Məni seçim qarşısında qoydular: ya Əli Kərimli, ya da atam... Cavab verdim ki, mən ümidimi Allaha bağlayıram. Çünki atam kiminsə haqqında yalan ifadə verdiyimi, ona şər atdığımı bilsə, buna da dözə bilməz...”
Niyaməddin Əhmədov DTX-da, Bakı İstintaq Təcridxanasında döyülməsindən də danışıb.
Məhkəmə prosesi sentyabrın 17-də davam edəcək.
Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.