9 Sentyabr 2021
Mətni dəyiş
Keçmiş Milli Qəhrəman Rasim Əkbərovun bıçaqlandığı deyilir.
Hadisənin sentyabrın 9-da Goranboyda baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məlumatıı MeydanTV-yə təsdiqləyib.
Bildirilib ki, hadisə Goranboy rayonunun Heydər Əliyev prospektində qeydə alınıb. Xəstəxanaya yerləşdirilən Rasim Əkbərovun vəziyyətinin ağır olduğu deyilir.
"Rasim Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov isə saxlanılıb. O, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb, ilkin dindirilmə zamanı R.Əkbərova 5-6 bıçaq zərbəsi vurduğunu deyib" ,- Ehsan Zahidov vurğulayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
1957-ci il təvəllüdlü Rasim Əkbərova “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə” Prezidentin 23 iyun 1992-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ancaq Rasim Əkbərov 2001-ci ildə həbs olunandan sonra sadalanan ordenlərdən məhrum edilib. O, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb.
Rasim Əkbərov 2008-ci ilin avqustunda imzalanan əfv fərmanı ilə azad edilib. Onun atası Ağa Əkbərov 1993-2000-ci illərdə Goranboy rayonunun icra başçısı olub.