İsveçrə eynicinsli nikahların leqallaşdırılması və evlənən eynicinsli şəxslərin uşaq sahibi ola bilməsi üçün referenduma gedir.
Anket sorğularına görə, xalqın böyük əksəriyyəti bazar günü keçiriləcək referendumda bu evliliklərin leqallaşdırılmasına səs verəcəklər.
İsveçrədə 2005-ci ildə keçirilən referendumun ardından 1 yanvar 2007-ci ildən qeydiyyatdan keçmiş eynicinsli partnyorluqlar qanuniləşdirilib. Daha sonra ölkə parlamenti bununla bağlı qanun layihəsini təsdiq edib. Qanun layihəsinin lehinə 136, əleyhinə isə 48 deputat səs verib.
Layihənin əleyhinə yalnız ultrakonservativ xristian partiya sayılan Federal Demokratik İttifaqı çıxış edib. Ancaq ölkədə sağçı ictimai-siyasi təbəqə və əhalinin bir hissəsinin etirazlarına görə parlament 26 sentyabra referendum təyin edib.
Leqallaşma üçün referendumda bu layihənin lehinə ən azı 51 faiz səs olmalıdır. Referendumdan əvvəl keçirilən anket sorğularına görə, xalqın 63 faizi bu layihəni dəstəkləyir. 8.5 milyon əhalisi olan ölkənin 35 faizi qanunun əleyhinədir, 2 faizi isə hələ də qərarsızdır.