İslandiya bir anlıq Avropanın qadınların çoxluq təşkil etdiyi ilk parlamentini seçərək tarix yazacağına inanmışdı.
63 yerdən 30-nu (47,6 faiz) qadınlar qazanıb.
Bundan əvvəlki nəticələr qadınların 33 yer (52 faiz) qazandığını göstərmişdi.
Parlamentlərarası İttifaqın məlumatlarına görə, heç bir Avropa ölkəsi 50 faizlik baryeri aşa bilməyib və yalnız İsveç 47 faizə yaxınlaşıb.
Nəticələr İslandiya parlamentinə daha altı qadının seçildiyini göstərir. Lakin kişilər hələ də mandatın çoxuna sahibdirlər.
Digər ölkələrdən fərqli olaraq, İslandiyada qadınların parlamentdə təmsil olunmasına dair hüquqi kvotalar yoxdur, Hərçənd bəzi partiyalar minimum namizədin qadın olmasını tələb edir.
Başlanğıcda parlamentdə görünən qadın çoxluğu əhəmiyyətli bir nailiyyət olaraq qiymətləndirildi.
"Tarixi və beynəlxalq baxımdan ən əhəmiyyətli xəbər hazırda Avropada və İslandiya parlamentində qadınların ilk dəfə çoxluq təşkil etməsidir. Bu, yaxşı xəbərdir", - deyə prezident Gudni Johannesson səslərin yenidən sayılmasından əvvəl RUV telekanalına bildirib.
12 ildir qadın-kişi bərabərliyində dünya lideri
İslandiya uzun müddətdir ki, gender bərabərliyində lider hesab olunur və mart ayında nəşr olunan Dünya İqtisadi Forumunun hesabatında 12 ildir ki, dünyanın ən gender bərabərliyi olan ölkəsi seçilib.
Ölkədə həm kişilərə, həm də qadınlara eyni valideynlik məzuniyyəti verilir. Qadın və kişilər üçün bərabər əmək haqqı haqqında ilk qanun 1961-ci ildə qəbul edilib. Eyni zamanda 1980-ci ildə dünyanın ilk qadın prezident seçilən ölkəsi olub.
Yalnız 5 ölkədə qadın millət vəkilləri çoxluqdadır
Hazırda yalnız beş ölkə parlamentində qadınlar mandatların ən az yarısına sahibdirlər. Siyahıda Ruanda liderdir, qadınlar aşağı palata üzvlərinin 61,3 faizini təşkil edir.
Onu 53,4 faizlə Kuba, 50,6 faizlə Nikaraqua, 50 faizlə Meksika və Birləşmiş Ərəb Əmirlikləri izləyir.
Qadınlar Birləşmiş Krallıq İcmalar Palatası üzvlərinin yalnız 34,2 faizini və ABŞ-dakı Nümayəndələr Palatasının yalnız 27,6 faizini təşkil edir.
Bu arada, dünənki seçkilərdə Baş nazir Katrin Jakobsdottirin başçılıq etdiyi hazırkı sol-sağ koalisiya hökumətinin çoxluğunun artdığı müşahidə edilib.
Lakin onun partiyası olan Sol Yaşıl Hərəkat bir neçə mandat itirməyə hazırlaşır. Sağ tərəfdaşları isə daha 5 millət vəkili qazanıb. Bu isə onun baş nazir kimi gələcəyinə şübhə yaradır.
RUV-yə görə, rəy sorğuları koalisiyanın çoxluq təşkil etməyəcəyini proqnozlaşdırırdı, lakin 2017-ci illə müqayisədə daha beş yer qazanan sağ mərkəzçi Proqressiv Partiyaya dəstəyin artması koalisiyanın ümumi yerlərini 37-yə çatdırıb.
Baş nazirin Sol-Yaşıl Hərəkatı, mühafizəkar İstiqlal Partiyası və mərkəzçi Tərəqqi Partiyasından ibarət olan indiki hökumət seçkilərdən əvvəl çoxluq təşkil edərlərsə, əməkdaşlığın davam etdirilməsi barədə danışıqlar aparacaqlarını söyləyib.