“Human Rights Watch” müharibənin birinci günündə həlak olan uşaqlardan yazıb.
“Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlanan müharibədə atılan mərmilərdən biri 9 yaşlı Viktoria Gevorgyanın həyatına son qoyub. O, Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonunda yaşayırdı və mərmi evinin həyətinə düşmüşdü. Həmin gün başqa bir mərmi Azərbaycanın Naftalan şəhərində 13 yaşlı Şəhriyar Qurbanovu və onun 14 yaşlı əmisi qızı Fidan Qurbanovanı ailənin digər üç üzvü ilə birlikdə evlərinin həyətində öldürdü”.
“Human Rights Watch”ın “Müharibədən çıxarılan dərslər” adlı hesabatında belə deyilir.
Bildirilir ki, Fidan, Şəhriyar və Viktoria müharibənin həyatını itirən ilk uşaqları idi, ancaq 44 günlük müharibədə ölən tək uşaqlar deyildilər. Hər iki tərəfdən gedən xəbərlərə əsasən, döyüşlərdə 150-dən çox mülki vətəndaş ölüb. Fidan və Şəhriyardan sonra daha 10 azərbaycanlı uşaq da həyatını itirib. Münaqişə müvəqqəti də olsa on minlərlə insanı evlərindən didərgin salıb.
“Human Rights Watch” tədqiqatçıları silahlı qüvvələrin mülki əhalini hücumdan qorumaq üçün beynəlxalq müharibə qanunları çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirib-yetirmədiklərini araşdırmaq üçün Azərbaycanda və Dağlıq Qarabağın ermənilərin nəzarətində olan ərazilərində olublar. Nəticələri qiymətləndirmək üçün hadisə şahidləriylə danışıblar. Sakinlərin döyüşlər zamanı mobil telefonlarla çəkdiyi və eyni zamanda, mediada yayımlanan fotoşəkilləri və videoları araşdırıb, peyk görüntülərini analiz ediblər.
“Həmçinin, biz tədqiqat dövründə Erməni, Azərbaycan və de-fakto Dağlıq Qarabağ rəsmiləri ilə görüşüb, təmaslarda olduq” – deyə, hesabatda bildirilir.
Hesabatda həmçinin, sentyabrın 27-dən noyabrın 9-dək olan müddətdə məktəblərə edilən hücumlar araşdırılıb. Qarşıdurma zamanı şagirdlərə dəyən zərərin nəticələri tədqiq edilib.
“Rəsmi mənbələrə əsasən, ikisi Ermənistan Respublikasında olmaqla erməni tərəfində ən azı 71 məktəb və Azərbaycanda 54 məktəb dağıdılıb və zərər görüb. Eyni zamanda, uşaq bağçaları, incəsənət və idman məktəbləri, texnikumlar hücuma məruz qalıb. Hər iki tərəfdə məktəblər 2020-ci ilin martından COVID-19 pandemiyasına görə bağlanıb. Məktəblər ikinci dəfə sentyabrın ortalarında açılsa da, müharibə səbəbindən yenidən bağlanmalı olub. Bir sıra məktəblər qarşıdurma zamanı qaçqınlar üçün sığınacaq və ya hərbi hospital kimi istifadə edilib. Bəziləri yerli sakinlər və erməni hərbi qüvvələri tərəfindən talan edilib”.
HRW bildirir ki, həm Ermənistan, həm də Azərbaycandakı məktəblər 1988-ci ildə başlamış və 1991-ci ildə Sovetlər İttifaqının dağılmasıyla şiddətlənən silahlı qarşıdurma zamanı törədilmiş müharibə cinayətlərini memoriallaşdırır:
“Sovetlər İttifaqının tərkib hissəsi olan Ermənistan və Azərbaycan bir milyondan çox mülki vətəndaşın didərgin düşməsiylə nəticələnən ərazi münaqişəsiylə ittifaqdan müstəqil dövlətlər halında ayrıldılar. Azərbaycanın tərkibində etnik ermənilərin çoxluqda yaşadığı Dağlıq Qarabağ anklavı 1991-ci ildə müstəqilliyini elan etdi, lakin o, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlərin hər hansı bir üzv dövləti tərəfindən tanınmadı. 1994-cü il atəşkəs razılaşmasına qədər etnik erməni qüvvələri Dağlıq Qarabağ ətrafında mövcud olan yeddi Azərbaycan rayonuna nəzarəti ələ alaraq təhlükəsizlik zonası yaratmış və bununla Ermənistan Respublikasına qurudan çıxış əldə etmişdi”.
Hesabatda bildirilir ki, həmçinin, Azərbaycanın qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri döyüşlər zamanı Ermənistan tərəfindən atılan raket və ağır artilleriya zərbələrinə məruz qalıb. Şəhərin əsas küçəsində olan az qala hər vitrin hücumlar nəticəsində darmadağın olub:
“O vaxta aid peyk görüntüləri Tərtər şəhərinin hərbi nəqliyyat maşınları ilə dolu olduğunu və döyüşlər zamanı hərbi mövqeyə çevrildiyini göstərir”.
Buna baxmayaraq, “Human Rights Watch” nəticəyə gəlib ki, erməni silahlı qüvvələri dəfələrlə şəhərin sıx məskunlaşmış yerlərinə qeyri-dəqiq atəşlər açıblar. Bunu partlayıcı silah sistemlərindən istifadə edərək hədəflərə fərq qoymadan ediblər:
“Bu, qanunsuz hücumdur. Tərtərdə 1990-cı illərdə müharibə nəticəsində didərgin düşmüş insanlar üçün salınan “Şıxarx” məhəlləsinə aid uşaq bağçası erməni hərbi qüvvələrinin atdığı mərmi nəticəsində yerlə bir olub. Bunu bir sakin videoya çəkib. Videodakılar peyk görüntüləri ilə təsdiqlənib”.
Təşkilat bildirir ki, növbəti gün Tərtər şəhərinin 1 nömrəli məktəbi artilleriya zərbələrinə məruz qalıb. Hücum nəticəsində həyətin qırmızı kərpic divarları üzərində dərin mərmi izləri qalıb, pəncərə çərçivələri və şüşələr sındırılıb, sinif otaqlarına ciddi ziyan dəyib. Dəymiş zərbədən yaxınlıqdakı uşaq bağçası da zərər görüb, pəncərə şüşələri dağılıb:
“Dəymiş ziyanı araşdırdığımız zaman məktəb gözətçisi məktəblər döyüşlərə görə bağlanmadan öncə 1300 şagirdin məktəbdə qeydiyyatdan keçdiyini deyib”.
Eyni zamanda Dağlıq Qarabağda (Ermənilər tərəfindən Artsax olaraq adlandırılır) yaşayan bir çox mülki HRW-ya deyib ki, Azərbaycan tərəfindən atılan silahlardan nə anklavda, nə də ətraf rayonlarda qorunacaqları və təhlükəsiz hiss edəcəkləri bir yer olmayıb. Qadın və uşaqların əksəriyyəti anklavın ən böyük şəhəri olan Xankəndinə (Ermənistan tərəf Stepanakert adlandırır), daha sonra isə Ermənistanın paytaxtı Yerevana və başqa ərazilərə köçürülüb:
“Azərbaycan qüvvələri tərəfindən kəndləri atəşə tutularkən 51 yaşlı Narine Xaçaturyan biri 10 yaşında olan iki qızını da götürərək Stepanakertə (Xankəndi), daha təhlükəsiz olduğunu düşündüyü valideynlərinin mənzilinə qaçıb. Stepanakertin döyüşlər zamanı təhlükəsiz olmadığı təsdiq edilib. Artilleriya hücumlarına görə ailələr bir müddət digər sakinlərlə birlikdə qaldıqları binaların zirzəmilərində saxlanmalı olublar. Narine deyir ki, oktyabrın 4-də axşam saat 8-də mənzildə şam yeməyi hazırlarkən “anidən hər yerdə şüşələr uçuşmağa başlayıb”. Eyni hücum Stepanakertdəki 10 nömrəli məktəbə ciddi ziyan vurub”.
Təşkilat bildirir ki, bu hücum yaxınlıqdakı əsas elektrik yarımstansiyasını hədəf alıb. Bu zamanı məktəbə ən azı altı dəfə zərbə dəyib, onlarla sinif otağı istifadədən çıxıb və məktəbin elektrik və su təchizatı kəsilib:
“Biz belə bir qənaətə gəlmişik ki, Azərbaycanın qeyri- qanuni olaraq münaqişə zamanı fundamental dəqiq olmayan artilleriya raketləri də daxil olmaqla, genişmiqyaslı təsirə malik döyüş sursatlarından istifadə etməsi hədəflərə fərq qoymadan baş verib. Beləliklə, bu, qanunsuz hücumdur”.
Təşkilat əlavə edir ki, həm Tərtərin 1 nömrəli məktəbi, həm də Stepanakertdəki məktəb 1300 şagirdlik olub. 2021-ci il martın əvvəlindən etibarən məktəbin yalnız üçdə biri yenidən istifadəyə verilib.
“Bizə yerli rəsmilərin verdiyi məlumata görə, münaqişə zamanı Stepanakertdə zərər görmüş digər təhsil mərkəzləri arasında 12 saylı məktəb, 1 saylı uşaq bağçası, musiqi məktəbi, Erməni Evangelist Assosiasiyasının uşaq bağçası da olub”.
Oktyabrın 4-də Xankəndinə atılan mərmilərdən sonra Narine və onun əlillikləri olan 10 və 25 yaşlı iki qızı Stepanakerti tərk etməli olublar. 2021-ci ilin fevralından onlar münaqişə nəticəsində didərgin düşüb və Yerevandakı karlar məktəbinə sığınıblar.
Tərtərdə isə 1 saylı məktəblə yanaşı, ondan bir neçə kilometr aralıda yerləşən 5 saylı məktəb də hücuma məruz qalıb. Məktəb direktoru müsahibə zamanı bildirib ki, hücum nəticəsində sinif otaqları, pəncərələr və onlayn dərs vermək üçün müəllimlərin istifadə etdiyi kompüterlər darmadağın edilib, elektrik naqilləri kəsilib:
“Bir az aralıda yaşayan 30 yaşlı Cavid Ağayevin sözlərinə görə, ən az üç artilleriyanın cəlb edildiyi digər bir hücum oktyabrın ortalarında baş verib. Şıxarx orta təhsil məktəbini və eyni küçədə yerləşən musiqi məktəbini dağıdıb. Noyabrın əvvəllərində Tərtərdə kimliyinin açıqlanmasını istəməyən yüksək vəzifəli məmurla görüşdük. O, boz və zeytun rənglərinin kamuflyajından ibarət forma geyinmişdi. O, bizi şəhərin mərkəzində regional mərkəzin altında yerləşən zirzəmiyə apardı və bizə orda müharibə zamanı dəyən ziyanla bağlı uzun bir siyahı oxudu. Onun sözlərinə görə, on dörd dövlət məktəbi, üç uşaq bağçası və bir peşə məktəbi zədələnib və ya dağıdılıb. Hadisələr zamanı 17 mülki vətəndaş öldürülüb və 114.000 sakindən 10.000 –i ərazidən köçürülməli olub. Biz Tərtərdə zərər görmüş məktəbləri ziyarət etdik və 5 hücum nəticəsində dəymiş ziyanın şahidi olduq”.
“Human Rights Watch” nümayəndələri noyabrın 22-də Kəlbəcər rayonundakı Yeghegnut kəndini ziyarət edib. Bildirirlər ki, həmin zaman oradakı məktəblər hələ də yanırdı:
“Hərbi maşınlar digər yandırılan binanın önündə park etmişdi və dörd xidməti şəxs erməni ordusuna məxsus ərzaq məhsullarıyla kirlədilmiş məktəb həyətindən hərbi geyimlərini götürürdülər. Biz həmçinin Knaravan və Çarektar kəndlərində yandırılmış məktəblər gördük. 2020-ci ilin sentyabrında Dağlıq Qarabağda 220 məktəb və 24,000 şagird olub. Noyabr ayında 6,834 şagirdi olan 107 məktəb, həmçinin 1750 şagirdi olan 4 incəsənət və 4 idman məktəbi artıq Azərbaycanın nəzarətində idi. Atəşkəsdən sonra təhlükəsizlik baxımından evlərini tərk edən mülki vətəndaşlar Dağlıq Qarabağın Ermənistanın nəzarətində qalan ərazilərinə qayıtmağa başladı. Azərbaycanın nəzarətinə keçmiş Dağlıq Qarabağın ərazilərində yaşamış erməni vətəndaşlar ya Ermənistanda qaçqın olaraq qalmağı seçdilər, ya da Qarabağın ermənilərin nəzarətində olan ərazilərinə köçdülər. Bu ərazilərdə məktəblərin açılması bir sıra problemlerlə üzləşmişdi. Məktəblər qaçqınlar üçün müvəqqəti sığınacaq və ya hərbi qüvvə üçün barak rolunu oynayırdı. Bəzi məktəblər yarı da olsa təmir edilmişdi. Ancaq bəzi məktəblər təhlükəsizlik səbəbindən demək olar ki, boş qalmışdı. Geri qayıdan müəllim heyəti məktəb otaqlarının yağmalandığının şahidi olmuşdu”.
HRW bildirir ki, Ermənilərin nəzarətində olan Martunidə, heyətin sözlərinə görə, qrad raketləri noyabrın əvvəlində 1 saylı məktəbi 5 dəfə vurub:
“Pəncərələr, məktəbin damı dağılmış, sinif otaqları tamamən sıradan çıxmışdı. İclas otağında tavan dağılmış və döşəmədə qrad raketinin qalıqları var idi. Təmir işləri başlamadan öncə müharibə zamanı Martunidən kənarda yerləşən İkinci Artsax (Azərbaycanca Dağlıq Qarabağ) Müdafiə Bölümünün əsgərləri noyabrın 10-da məktəbə yerləşib. Noyabr ayında baş tutmuş ziyarətimiz zamanı biz əsgərlərin sinif otaqlarında və yaxınlıqdakı baxçada yerləşdirildiyini gördük və məktəbin həyətində hərbi maşınların və silahların şahidi olduq. Onlar dekabrın 19-dək məktəbdən çıxarıldılar”.
Hesabatda bildirilir ki, işçilər onlara naməlum şəxslərin məktəbi qarət etdiyini söyləyiblər:
“Komputerlərin oğurlandığını deyirdilər. O cümlədən yeni gəlmiş və hələ də qutularında olan səkkiz tablet və iki noutbukun da yox olduğunu bildirirdilər”.
Hesabatda qeyd edilir ki, 1 saylı məktəb 21 dekabrda yenidən açılıb. Fevralın ortalarına qədər 544 keçmiş şagirddən 464-ü geri dönüb, o cümlədən keçmiş icmaları Azərbaycanın nəzarətində olan 93 yeni şagird də məktəbdə təhsilə başlayıb:
“2 nömrəli məktəb də kompüter və idman avadanlığı olmadan yenidən fəaliyyətə başlayıb. Keçmiş direktor Mihran Civanyana görə, 430 şagirdin demək olar ki, hamısı geri dönüb və yeni köçmüş tələbələrin əlavə olacağı gözlənilir. “Müharibədən əvvəllə müqayisədə daha çox tələbəmiz olacaq”, o deyib”.
HRW bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən yaralanan döyüşçülər üçün xəstəxanaya çevrilən Karmir Şukadakı məktəb yanvarda yenidən açılıb:
“Ermənistan hakimiyyəti iddia edir ki, “Azərbaycan Silahlı Qüvvələrinin hədəf aldığı ərazilərdə və ya yaxınlığında heç bir hərbi obyekt olmayıb. Məktəblər və uşaq bağçaları da daxil olmaqla... nə onlar, nə də mülkləri hərbi məqsədlər üçün istifadə edilməyib. Karmir Şuka ilə əlaqədar olaraq bütün xəstəxanalar beynəlxalq qanunlar çərçivəsində qorunur və hərbi hədəf ola bilməz, ancaq qarşıdurma əsnasında məktəb mülklərindən istifadə edilmədiyini söyləmək yanıldıcıdır. Atəşkəsdən sonra məktəblərin hərbi istifadəsi ilə bağlı bir neçə problemli vəziyyət yaranıb. Noyabrın sonunda dağlıq Berdzor şəhərinə (Azərbaycanda Laçın adlanır) səfər etdiyimizdə, məsələn, 1 saylı məktəb kazarma kimi istifadə olunurdu. Noyabrın 8 -də gecə saatlarında kazarma raket hücumu nəticəsində zədələnib, evi Azərbaycanın nəzarətə götürdüyü ərazilərdə olan xidməti işçi belə deyib. Bir təhsil işçisinin bizə dediyinə görə, Azərbaycan qüvvələri “yolun hər iki tərəfində” olduğuna görə şəhər boşaldılıb. Atəşkəs razılaşmasına əsasən, Azərbaycan dekabrda əraziyə nəzarəti yenidən ələ keçirib”.
Hesabatda bildirilir ki, ermənilərin əlində qalan bəzi məktəblər Azərbaycan qüvvələrinə yaxın olduqları üçün bağlanıb, digərləri isə yenidən açılıb, ancaq valideynlər uşaqlarını məktəbə göndərmək istəmədikləri üçün demək olar ki, boş qalıblar:
“Müharibədən sonrakı reallığın hər iki aspekti əvvəllər Ermənistanın nəzarətində olan dağlıq ərazidəki Tağavard (Qamışlı) kəndində açıq görsənir. Kəndin yuxarı hissəsində əvvəllər 600 sakin yaşayırdı və kəndin öz məktəbi var idi, lakin sakinlər hərbi əməliyyatlar zamanı ərazini tərk etməli olub. İndi ərazi Azərbaycanın nəzarətindədir və məktəb fəaliyyət göstərmir. Aşağı Tağavarda gedən yolun yarısında bir yığın daş bir -birindən 50-60 metr aralıda olan Azərbaycan və Ermənistan hərbi mövqelərini bölməyə xidmət edir, ərazidə rus sülhməramlıları yoxdur”.
Hesabatda bildirilir ki, Aşağı Tağavard ermənilərin nəzarətindədir, ancaq 700 sakindən çox az adam geri dönüb və 52 şagirddən yalnız dördü məktəbə qayıdıb:
“Bunu bizə direktor Marqarita Saakyan fevralda deyib. “Hamı qorxur. Gecələr atəş açılır ... Bizim hərbçilər və onların hərbçiləri qışqırır, bir-birlərinin adını çəkirlər, sonra atışma başlayır”. Məktəb işçilərinin dediyinə görə, oktyabrın sonu və ya noyabrın əvvəllərində olan hücum nəticəsində məktəb arxa və ön tərəfdən zədələnib. Saakyanın dediyinə görə, dam, qapı və pəncərələrdə “əsaslı” təmir işləri aparılsa da, “kimsə kompüterimizi və hərbi təhsil təlimatçımızın ofisində kilidli saxladığı silahı oğurladı”. O, fevralın 20 -də məktəbə gəldiyimiz zaman məktəbin yerli rəhbərlikdən və ya Rusiya qüvvələrindən, xüsusilə də “məktəb çəpərinin ətrafındakı metal divarla bağlı uşaqlar məktəbin həyətində təhlükəsiz oynasınlar deyə kömək istədiklərini” deyib. Biz həyətdə mərmi parçaları gördük”.
Dağlıq Qarabağ boyunca rəsmilər məktəblərə dəymiş küllü miqdarda ziyan, uşaqların köçkün düşməsi və təhsilin aylarca yarım qalması səbəbindən bölgədə ilkin planlamaya başlayıblar. Zədələnmiş məktəblər təmir edilib yenidən istifadəyə verilsə də, Əsgəran rayonunun Aygestan və Şoş kəndlərində xəsarət almış baxçaların açılması üçün vəsait olmayıb:
“Stepanakertdə də 2 nömrəli məktəbin yalnız bir hissəsi istifadə edilir. “Biz 178 uşaq üçün nəzərdə tutulmuş məktəbəqədər sinifləri aça bilmədik”, - bu şəhərdəki “Təhsil Nazirliyi”ndən Raya Musayelyan deyib. Digər məktəblər dəyən ziyan və məktəbləri hazırda Azərbaycanın nəzarətində olan ərazilərdən olan uşaqların yerləşdirilməsi səbəbindən səhər erkəndən axşama qədər iki növbəli dərs sisteminə keçməli olub. 31 məktəbdən doqquzuna ziyan dəymiş Martakert rayonunda (Azərbaycan tərəfində Ağdərə olaraq adlandırılır) 3300 keçmiş şagirdin demək olar ki, hamısı geri dönüb, həmçinin Martuni, Əsgəran, Şuşa və digər bölgələrdən köçmüş uşaqlar da”, - yerli “Təhsil Nazirliyi”nin nümayəndəsi əlavə edib”.
Təşkilat bildirir ki, xəstəxanalara qanuni olmayan hücumların şahidi olduqları Martakert şəhərində 700 şagirdi olan 1 saylı məktəb 29 oktyabr və 7 noyabr tarixlərində vurulub. Bütün pəncərələr dağıdılıb, qapı və pəncərə çərçivələri uçub, divarlar və tavanlarda çatlar var:
““Köhnə binadır,” məktəb direktoru Roza Harutyunyan belə deyib. “Bəzi sinif otaqlarında qorxuruq ki, tavan başımıza uçacaq, bu səbəbdən biz sadəcə binanın bir hissəsində dərs keçirik. Kifayət qədər yer yoxdur və biz indi iki növbədə dərs keçirik”. Məktəb yağmalanıb. Bir çox şey – qab-qacaq, mebel, direl, çim biçən maşın oğurlandı” işçilərdən biri deyib. “Bəzi şeylər, əsgərlərimiz tərəfindən qərargahlarına aparıldı. Anlayıram, onlara bu şeylər lazım idi, amma heç nə geri qaytarılmadı. Və bəziləri yerli sakinlər tərəfindən oğurlandı”.
Hesabatda vurğulanır ki, döyüşlərdən sonra, noyabrın sonunda Azərbaycana təhvil verilmiş ərazilərdən didərgin düşmüş insanlar müvəqqəti olaraq sinif otaqlarında sığınacaq tapıblar. Daha sonra onlar oradan köçüblər və məktəbdə uzun müddətdir planlaşdırılan təmir işləri nəhayət ki başlayıb:
“Ancaq daha bir problem var: Rusiya sülhməramlı qoşunları ən az yeddi böyük çadır yataqxanası da daxil olmaqla qonşu idman stadionunda baza qurub. Yanvarın 20-də Rusiya sülhməramlıları Dağlıq Qarabağda hərbi təlimlər həyata keçirdi və Martakertdə onlar məktəblərə xəbərdarlıq etmədi. “Birdən dəhşətli bir səs eşidildi və uşaqlar ətrafa qışqıraraq qaçdılar ki, döyüşlər yenidən başladı” heyət üzvü dedi. “Zirehli personal məktəbin həyətinədək girdi. Əsgərlər tüfəngdən atəş açırdılar; hər yer cəhənnəmə dönmüşdü”. Daha sonra zabitlər manevrlər barədə əvvəlcədən xəbərdarlıq edəcəklərini bildiriblər. Onlar döyüş zamanı azərbaycanlıların atəş açması nəticəsində qırılan pəncərələri əvəz etmək üçün məktəbə pəncərə şüşələri də hədiyyə ediblər. “Onlar qırılan pəncərələrin çoxunu əvəz etməyimiz üçün kifayət idi. Onların bu bazada öz xəstəxanaları var və deyiblər ki, ehtiyacımız olarsa biz də istifadə edə bilərik. Ancaq bilirsiniz, uşaqlar hərbi qulluqçulardan və onların silah və texnikasından qorxurlar”.
Hesabatda deyilir ki, Ağdərədəki (Martakert) 2 saylı məktəb bir əsrdən çox yaşı olan üç kiçik binadan ibarətdir. Onlardan biri çarın nəzdində hərbi çağırış məntəqəsi kimi xidmət edib. İndi onları əhatə edən qalın daş divarda qrad raketinin səbəb olduğu boş çuxur var, həyətindən silah qırıqları tapdığını deyən təmir işçisi deyib:
“Partlayışdan sonra dəymiş zərər qrad partlayıcısına uyğundur: o, bir binanın tavanının çökməsinə səbəb olub; yağış və qar içəridəki əşyaları məhv edib. Məktəb direktoru Melsida Kardumyan deyib, “Bu, bizim birinci sinif şagirdlərinə dərs dediyimiz yer idi və [binanın] kitabxanası, elm laboratoriyası və idman salonu var idi”.
Hesabatda bildirilir ki, Azərbaycan 6 həftəlik müharibədən sonra nəzarətə aldığı ərazilərin yenidən bərpası üçün 2.2 milyard manat (US $1.29bn) ayırıb. İlkin 7 milyon manat dağılmış məktəblərin təmirinə ayrılıb. Azərbaycan təhsil naziri bizə bildirib ki, “uşaqlar üçün əlverişli şəhərlər” tikmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəklər. Valideynləriylə müqayisədə təhsillə daha az maraqlanan gəncliyə sahib Azərbaycanda hökumətin bu yüksək təhsil ümidlərini gerçəkləşdirə biləcəyini görmək maraqlıdır:
“Ərazilər basdırılmış minalarla doludur və infrastrukturun böyük hissəsi dağılıb. 1990 -cı illərdən bəri mina qurbanlarının dörddə birindən çoxu uşaqlar olub.
Azərbaycan və Ermənistan məktəblər tikdikcə və dağılmış olanları təmir etdikcə əmin olmalıdırlar ki, əlilliyi olan uşaqlar da daxil olmaqla bütün uşaqların bu il tədrisə çıxışı olsun. ABŞ hərbi strateqləri, deyilənlərə görə, Azərbaycanın döyüş meydanında uğur qazanmasında rolu olan Türkiyə və İsrailin pilotsuz uçuş vasitələrinin - dronların oynadığı rolu öyrənirlər. Dron hücumlarının məktəbləri vurması və bir uşağı yaralamasıyla bağlı xəbərlər təhsilə bu qədər dağıdıcı təsir göstərən müharibə səhvlərinin öyrənməyin zəruriliyini göstərir”.
“Human Rights Watch” sonda bildirir ki, hökumətin atəşkəs razılaşması imzalamasına görə açıq şəkildə tənqid olunduğu, lakin iyun seçkilərində qalib gəldiyi Ermənistanda hökumət məktəblərin hərbi məqsədlər üçün istifadəsini və talan edilməsini araşdırmalı və ya ən azından etiraf etməli və bu yöndə problemlərin həlli üçün çalışmalıdır:
“Ermənistan silahlı toqquşmalar zamanı təhsili qorumağı nəzərdə tutan Təhlükəsiz Məktəblər Bəyannaməsini qoşulan 111 ölkədən biridir. Minlərlə məktəbin minaatan, ağır artilleriya mərmiləri, “Qrad” və “Smerch” raketləri və ballistik raketlərin hücumu ilə dağıdılması bir daha genişmiqyaslı təsirləri olan partlayıcı silahların əhalinin sıx məskunlaşmış ərazilərdə istifadəsinin məhdudlaşdırılmasının vacibliyini nəzərə çatdırır. Azərbaycan hökuməti məktəblərin yaxınlığında onun hərbi qüvvələri hərbi hədəflərin yerləşdirməsiylə bağlı bütün iddiaları araşdırmalıdır. Əgər ordu nəzarətə götürdüyü ərazilərdə məktəb əmlakını müsadirə edirsə, bunları erməni tərəfinə təhvil verməlidir. Və Azərbaycan Təhlükəsiz Məktəblər Bəyannaməsinə qoşulmalıdır. Münaqişə və sonrakı nəticələr – o cümlədən, dəyişkən və həssas yeni təmas xətti boyunca atışmalar - təhsili silahlı hücumlardan qorumaq üçün qlobal normlara dair öhdəliklərin gücləndirilməsinin zəruriliyini bir daha göstərir”.
Təşkilat bildirir ki, Ermənistan və Azərbaycan tərəfi 2020-ci il münaqişəsi zamanı zərər görmüş ərazilərdə insan haqları pozuntularının qeydə alınması və insan haqlarının vəziyyəti və ortaya çıxan problemlər və risklər haqda mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması üçün beynəlxalq və müstəqil insan haqları monitorinq qruplarınının ərazidə iştirakını təmin etməlidir: “Ermənistan və Azərbaycanın beynəlxalq tərəfdaşları ərazidə belə bir monitorinqin təşkil olunması ilə bağlı açıq çağırış etməlidir”.