14 Sentyabr 2021
Mətni dəyiş
Sentyabrın 13-də Bakının Xətai Rayon Məhkəməsində “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzinin dörd heyvansevərə - Aynur Babazadə, Nicat İsmayıl, Elxan Mirzəyev və İlham Nəsirova qarşı iddiasına baxılıb.
İddiaçılar Günel Musayeva və Cəlal Məlikov fəalların böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməsini – həbs edilməsini və ya ümumilikdə 100 min manat (58 min dollar) cərimə olunmasını tələb edirlər.
İddiaçılar fəalların sosial şəbəkələrdə “Toplan” əməkdaşlarının sahibsiz itlərə qarşı amansız rəftarı haqqında nəşrlərinin təhqir ehtiva etdiyini və işgüzar nüfuzlarına xələl gətirdiyini düşünürlər.
Cavabdehlərdən biri – Elxan Mirzəyev jurnalistlərə bildirib ki, fəallar sadəcə olaraq heyvanlarla bağlı narahatlıqlarını ifadə ediblər.
“İtlər Toplan-a aparıldıqdan sonra yoxa çıxırlar”, o, qeyd edib.
Fəallar hesab edir ki, mərkəz sovet dövrünün itlərin tutulub öldürülməsindən ibarət bədnam “it qutusu” təcrübəsini davam etdirir. Onlar “Toplan” mərkəzinin fəaliyyətinin şəffaf olmasını, fəalların onun ərazisinə buraxılmasını, fəaliyyətinin monitorinqinin aparılmasını və oraya aparılan heyvanların taleyi barədə hesabat verilməsini tələb edirlər.
Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin olunub.
İddiaçılardan şərh almaq mümkün olmayıb. Fəallara qarşı 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrlə iddia qaldırılıb. Hər iki maddə üzrə onlar 6 aya qədər azadlıqdan məhrum edilə bilər.