2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olmuş Rasim Quliyev sentyabrın 6-da məhkəmədə dindirilərkən deyib ki, ona ittiham verilmiş bina ilə bağlı sərəncamı ondan əvvəl Hacıbala Abutalıbov imzalamışdı. Söhbət paytaxtın Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-memarlıq abidəsi kimi qorunan yaşayış binasının sökülməsi və yerində yeni hündürmərtəbəli binanın tikintisi üçün şirkətə icazə verilməsindən gedir.
Həbsdə olan Rasim Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.
Sentyabrın 6-da məhkəmədə Rasim Quliyevin vəkili Dilarə Əliyeva 141 ünvanında yaşayan sakinlərdən bəziləri və Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət edən məsul şəxsinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Hakim deyib ki, bu məsələyə ittiham tərəfinin siyahısında olan şahidlər dindiriləndən sonra baxıla bilər.
Daha sonra prokurorun suallarını cavablandıran keçmiş Aparat rəhbəri bildirib ki, 2017-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov vəfat edəndən sonra Hacıbala Abutalıbov ona 3 nəfər idarə rəisinin müavinliyə təqdimatını hazırlamağı tapşırıb. Təqdimat üçün həmin idarə rəislərindən ərizə alınmalıymış. Lakin ala bilməyib:
"Ona görə ki həmin şəxslər ərizə yaza bilmirdilər, buna savadları çatmırdı. Mən bu barədə Hacıbala Abutalıbova məlumat verdim. Bundan sonra Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etməyi mənə həvalə elədi. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının blankında sərəncam imzaladı.
Mən həmin sərəncamı araşdırıb gördüm ki, düzgün tərtib olunmayıb. Mən Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Komissiyaya və Fövqəladə Hallar Komissiyasına rəhbərlik etmişəm. Bu vəzifələri isə maaşla yox, ictimai əsaslarla həyata keçirmişəm".
Rasim Quliyevin sözlərinə görə, o, müavin vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrasına başlayandan az sonra Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi. Buna baxmayaraq, o, Bakı Şəhər İcra Hakimyyətinə nəzarəti də qeyri-rəsmi olaraq, əlində saxlayıb.
"1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olan məktubda da göstərilmişdi ki, Rauf Pənahov vəfat etdiyinə görə tikintiyə nəzarət işləri və icazə rəhbərliklə razılaşdırılmaqla, Bakı şəhər İcra Hakimiyyətinin Aparat Rəhbəri Rasim Quliyevə həvalə edilsin. Yəni mən özbaşına heç bir sənədə imza ata bilməzdim. Mən bütün sənədləri rəhbərliklə razılaşdırmalıydım. Belə də edirdim...”
Rasim Quliyev deyir ki, həmin vaxt ərizə yazıb işdən çıxa da bilmirdi, çünki icra başçısı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra öz ərizəsi ilə işdən azad olunduğunu deyən sabiq məmur vurğulayıb ki, onun müavin səlahiyyətlərini icra etməsindən Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev və başqa aidiyyəti şəxslər də məlumatlı idi.
Onun sözlərinə görə, tikintiyə icazə sərəncamı və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı:
"Mən sadəcə razılaşdırılmış sərəncama qol çəkmişəm. Başçı əvəzi kimi gələn məktublara, sənədlərə mən baxmışam. Bu isə Əsasnaməyə uyğun idi. Mən sərəncamı ekstremal şəraitdə imzalamışam, çünki həmin vaxt icra başçısı başqa vəzifəyə təyin olunmuşdu, müavin isə vəfat etmişdi".
Rasim Quliyev əlavə edib ki, Dilarə Əliyeva 141 ünvanındakı binanın sökülməsi barədə ondan əvvəl Hacıbala Abutalıbov sərəncam vermişdi: "Sərəncamda da göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdrma işləri aparılsın".
Rasim Quliyevin işi üzrə məhkəmə araşdırmaları sentyabrın 9-da davam edəcək.
Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.
Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.
Rasim Quliyev "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.