16 Sentyabr 2021
Mətni dəyiş
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində yaralanan hərbi qulluqçulardan 1750 nəfərə əlillik təyinatı aparılıb.
AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, sentyabrın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Müdafiə Nazirliyi isə həmin müharibədə Azərbaycanın 2 min 907 hərbi qulluqçu itirdiyini, 7 hərbçinin isə itkin sayıldığını açıqlayıb. Amma onda dəqiq neçə hərbçinin yaralandığı vurğulanmamışdı.
Buna qədər bəzi hərbi qulluqçular əlillik təyinatı ala bilmədiklərindən şikayətlər də dilə gətirmişdilər. Rəsmi qurumlar isə belə şikayətlərin araşdırılacağı barədə vəd vermişdilər.
Bir sıra ekspertlər isə vurğulayır ki, qanunvericiliyə son dəyişiklikdən sonra Azərbaycanda əllik təyinatı almağın şərtləri ağırlaşdırılıb.
İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.