Ötən gün Gürcüstan Respublikasının vətəndaşı olan 8 azərbaycanlı Almaniyadan deportasiya edilib.
2015-ci ildə qaçqın statusu üçün Almaniyaya gələrək, sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.
Deportasiya olunan 8 nəfərdən 3-ü bir ailənin üzvü olub.
Almaniya Miqrasiya və Qaçqınlala iş üzrə Federal İdarədən “Report”un Avropa bürosuna bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.
Gürcüstanın İşlə Təminata Dəstək Dövlət Agentliyindən isə bildirilib ki, bu ilin fevral ayında “müvəqqəti işlə təmin olunmaq istəyən miqrantın qeydiyyat portalında” 53 274 nəfər qeydiyyatdan keçib. Onlardan 35 121 nəfəri “Almaniyada müvəqqəti işlə təmin olunma” formasını doldurub. Almaniyanın əmək bazarında Gürcüstan vətəndaşlarının müvəqqəti leqal işlə təmin edilməsi 1 aydan 3 aya qədər mümkündür. Mövsümi işlər aprel ayından başlayıb. İşlə Təminata Dəstək Dövlət Agentliyinin məlumatına görə, müvəqqəti mövsümi işlə təmin etmə Gürcüstan və Almaniya arasında bağlanmış razılaşma çərçivəsində həyata keçirilib. İşlə təmin etmə kənd təsərrüfatı sektorundakı mövsümi işlərdə mümkündür.