21 Sentyabr 2021
Mətni dəyiş
Mərkəzi qərargahı ABŞ-da olan "Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 21-də illik “İnternet Azadlığı 2021” hesabatını yayımlayıb. Hesabatda dünyanın 6 regionunda 70 ölkədə İnternet azadlığı sahəsində vəziyyət təhlil edilib.
"Freedom House"-un hesabatında son 11 il ərzində qlobal azadlığın pisləşdiyi qeyd edilib. Ən çox pisləşmə Myanma, Belarus və Uqandada nəzərə çarpır. Burada hakim dairələr seçki və konstitusiya böhranları zamanı zorakılığa əl atıb.
Bildirilir ki, hökumət texnologiya şirkətləri ilə qarşı-qarşıya gələrək onlardan istifadəçilərin hüquqlarını məhdudlaşdırmağı tələb edib. Son bir il ərzində ən az 48 ölkənin hakimiyyəti texnoloji şirkətlər üçün kontentlə bağlı yeni qaydalar tətbiq edib.
Azərbaycan İnternetin azad olmadığı ölkələr siyahısına 35 balla daxil edilib. Azərbaycanla birlikdə Qazaxıstan (33), Belarus (31), Rusiya (31) və İran (16) da bu kateqoriyaya aid edilib.
Gürcüstanın 77, Ermənistanın 71 balı var və bu ölkələrdə vəziyyət daha qənaətbəxşdir.
"Freedom House" təşkilatının məlumatına görə, bu ilin yanvarında Azərbaycanda polis özünü məşğulluq xidmətinin təmsilçisi kimi təqdim edərək, bir istifadəçinin evinə gedib, həmin istifadəçi saxlanılıb, döyülüb və Facebook-da yerli hakimiyyəti tənqid etdiyi paylaşımlara görə üzr istəməyə vadar edilib.
Azərbaycan hökuməti bundan əvvəlki illərdə də İnternet azadlığının məhdudlaşdırılmasına və İnternetdə senzuraya görə tənqid edilib.
Rəsmi Bakı bu ittihamları təkzib edir, Azərbaycanda İnternetin tamamilə azad olduğunu bildirir.