Qəbələnin Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb.
Məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Nazirlik bildirir ki, hazırda ərazidə soyutma tədbirləri görülür.
FHN Qəbələdə yanğının başlaması ilə bağlı ilk məlumatı avqustun 15-də açıqlamışdı. Nazirlik bildirir ki, bu zaman ərzində yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.
Yerli sakinlərin deməsinə görə, 2 həftədən artıq davam edən yanğınlarda 400 hektara qədər ərazi məhv olub.
Ekoloji məlumatlar yaymaqla tanınan “Ecofront” səhifəsi isə yazır ki, Qəbələnin Solquca, Dandıx, Tikanlı və Abrıx kəndləri ətrafında baş verən meşə yanğınları toplam 1000 hektara yaxın meşə ərazisinə zərər vurub:
“Əksər ərazilər daha öncə də yanğınlara məruz qalıb. Yeni yanğın həmin ərazilərin təbii bərpa prosesini çətinləşdirəcək. Yenə də təbiət özünü bərpa edəcək”.
Son zamanlar Azərbaycanın bölgələrində tez-tez meşə yanğınları baş verir. Lənkəranda, Masallıda, Yardımlıda yanan meşə əraziləri söndürülsə də, mütəxəssislər havaların isti keçməsi və başqa amillər ucbatından yenidən başlayacağından narahatdırlar.
Buna görə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət də etmişdi. “Əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin”, – demişdilər.
Həmin müraciətdə qeyd olunur ki, meşə sahələrində yanğınların əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin və təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.